İranda casusluqda ittiham olunan Azərbaycan vətəndaşı Fərid Səfərli barəsində artıq məhkəmə başlamış olsa da, o, hələ də vəkillə təmin edilməyib. Bu barədə Turan-a onun anası Dilarə Əsgərova bildirib.
“Oğlumun hüquqları kobud şəkildə pozulur. Məhkəmədə onu bilmədiyi fars dilində dindirirlər. Fərid 4 aydır qanunsuz olaraq həbsdədir, amma nə Azərbaycan, nə də İran tərəfi onu vəkillə təmin etmir”, deyə Əsgərova bildirib.
O, Azərbaycan XİN rəhbərliyinə müraciət etməsinə baxmayaraq, bu idarə tərəfindən oğluna səmərəli yardım göstərilməməsindən gileylənib.
Gəncin anası Azərbaycanın dövlət orqanlarından oğlunun vəkillə təmin edilməsi prosesini sürətləndirməyi xahiş edir.
Əsgərova həmçinin qeyd edib ki, oğlu ilə telefon əlaqəsi kəsilib.
Onun sözlərinə görə, İran hakimiyyəti oğlunun həbs edildiyini etiraf etdikdən sonra iki dəfə onunla telefonla danışıb.
Dilarə Əsgərova bildirib ki, Azərbaycanın Təbrizdəki baş konsulluğunun heç bir nümayəndəsi oğlunun işi üzrə məhkəmədə iştirak etmir.
“Oğlum bu barədə sonuncu dəfə onunla telefonla danışdığımız zaman bildirib. Fərid məndən Azərbaycan konsulluğundan niyə heç kimin onun işi üzrə məhkəmə prosesi ilə maraqlanmadığını soruşub”, deyə Əsgərova qeyd edib.
O, XİN başçısı Ceyhun Bayramovu oğlu ilə telefon əlaqəsinin bərpası üçün səy göstərməyə, avqustda onunla görüş üçün, habelə gənc vəkillə təmin edilənə qədər konsulluq əməkdaşlarının məhkəmədə iştirakı üçün şərait yaratmağa çağırıb.
Azərbaycan XİN-dən Turan-a bildiriblər ki, “bununla bağlı daha sonra məlumat veriləcək”.
İranın Azərbaycandakı səfirliyindən şərh almaq mümkün olmayıb.
Xatırladaq ki, AFR-də təhsil alan Fərid Səfərli bu ilin fevralında universitetdə birgə təhsil aldıqları zaman tanış olduğu qızla görüşmək üçün İrana gedib. Martın 4-dən Səfərli ilə əlaqə kəsilib. 3 ay sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açıldığı məlum olub.
Turan