Ədliyyə Nazirliyi REAL partiyasına üzvlüklə bağlı rəsmi cavab verib.
Toplum TV xəbər verir ki, bu barədə iyulun 17-də Partiyanın sədri İlqar Məmmədov sosial media hesabında məlumat yayıb.
İ.Məmmədovun sözlərinə görə, Ədliyyə Nazirliyi Partiyanın reyestrdə adlarını göstərdiyini üzvlərlə əlaqə saxlayıb. 986 nəfərin partiyaya üzv olmadığı bildirilib. Daha 1058 nəfərin telefon nömrəsi kimi ofisin nömrəsinin göstərilməsi məqbul sayılmayıb. 2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmayıb. Nəhayət, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb.
“Beləliklə, Partiyamızın siyahısında cəmi 463 nəfərim adı “keçərli” oldu.
Qanuna əsasən, növbəti 30 gün ərzində ya 4500+ nəfərin məlumatlarını “düzəltməli”, ya da eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq.
Bu həftə qərarımız haqda ictimaiyyətə məlumat verəcəyik”, – deyə İ. Məmmədov açıqlamasında vurğulayıb.
Xatırlatma
Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” yeni qanunu bu il yanvarın 11-də təsdiqləyib. Yeni qanun qəbul ediləndən sonra onlarla siyasi partiya fəaliyyətini dayandırdığını elan edib.
Müşahidəçilər yeni qanunun ölkədə siyasi fəaliyyəti daha da məhdudlaşdırdığını bildirirlər.
Mart ayında Avropa İttifaqı yeni qanunu tənqid edib.
“Avropa İttifaqı siyasi partiyalar haqqında yeni qanunla tətbiq edilmiş məhdudiyyətlərdən narahatdır. Bu, Azərbaycanda siyasi plüralizmə və birləşmək, fikri ifadə etmək və dinc toplaşmaq azadlığı kimi əsas hüquq və azadlıqlara çəkindirici təsir göstərə bilər”, – deyə bəyanatda bildirilib.