“Yaxın bir il yarım müddət ərzində ölkəmizdə dörd seçki dönəmi olmalıdır”
Toplum TV xəbər verir ki, bunu iyulun 17-də Milli Məclisin deputatı Erkin Qədirli “teleqram-kanalı”nda yazıb.
Onun sözlərinə görə, 2023-2025-ci illərdə referendum (2023-ün payızı); Mili Məclis (2024-ün noyabrı); 3) bələdiyyələr (2024-ün dekabrı); 4) Prezident (2025-in apreli) seçkilərinin növbədənkənar olabilmə ehtimalı yüksəkdir.
“İstənilən halda çox qısa bir zamanda strateji önəm daşıyan dəyişikliklər gözlənilir”, – deyə o qeyd edib.
Referendum seçkiləri barədə danışarkən deputat bildirib ki, bunun obyektiv səbəbi var:
“Sistem köhnəlib, onun idari xərcləri və siyasi riskləri artıb, səmərəliyi isə azalıb. Üstəlik, Vətən Müharibəsindəki qələbədən sonra gələcək dönəmlər üçün bu sistem yararsızdır.
İyun ayında Milli Məclis dövlət büdcəsinə bir sıra dəyişikliyi təsdiqlədi. O dəyişikliklərin arasında 2023-ü ilin qalan hissəsində seçki xərclərinin az qala 50% artırılması var. Bu, böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir. Boşuna bu qədər pul ayırmazlar.
Referendum konstitusion islahatlarla bağlı olacaq”.
Erkin Qədirli həmçinin qeyd edib ki, yerli özünüidarəetmə sistemində də köklü islahatlar gözlənilir.
Onun sözlərinə görə, icra hakimiyyəti başçıları təsisatı ləğv olunacaq:
“İcra başçılarının ləğvindən sonra yerli iqtisadi, sosial və mədəni məsələlər keçəcək bələdiyyələrin səlahiyyətinə. Siyasi riskləri idarə etmək üçünsə hazırda sınaqdan keçirilən Prezidentin yerlərdə səlahiyyətli nümayəndələri təsisatı düşünülür (vali sayağı)”.
Deputat qeyd edib ki, seçki sistemində önəmli bir dəyişikliyin olacağı gözlənilir – proporsional seçkinin bərpası.
“Proporsional seçki sistemi ölkədə siyasi partiyaların önəmini və təsirini artıracaq, partiyalardan kənar, heç bir siyasi mənsubiyyəti və məsuliyyəti olmayan, amma böyük imkanları (pulu, xaricdən dəstəyi və s.) olan şəxslərin siyasi fürsət əldə etməsini əngəlləyəcək. Üstəlik, indiki majoritar sistemi ölkəmizdə özünü doğrultmadı”.
Erkin Qədirli bildirib ki, seçki islahatı parlament islahatını da şərtləndirəcək.
“Parlamentin ikiotaqlı ola biləcəyi istisna olunmur”, – deyə o qeyd edib.
Toplum.az