İnzibati həbs olunanların saxlanma məntəqəsində saxlanılan fəal Qiyas İbrahimov səhhətinin kəskin pisləşməsi səbəbindən quru aclığın dördüncü günündə aksiyanı dayandırıb. Bu barədə Turan-a onun anası Şura Əmiraslanova iyunun 26-da təcridxanada oğlu ilə görüşdən sonra bildirib. Onun sözlərinə görə, hazırda İbrahimov su və qida qəbul edir.
* * *
İyunun 25-də Bakı Apellyasiya Məhkəməsi fəal Qiyas İbrahimin ona 30 sutka inzibati həbs cəzası verilməsi və cəzanın daha iki gün uzadılması barədə qərarlara dair şikayətini təmin etməyib.
İyunun 22-də İbrahimovun elan etdiyi quru aclıq aksiyası nəticəsində məhkəmə binasında huşunu itirməsinə baxmayaraq, məhkəmə prosesləri keçirilib.
“Məhkəmə çəkişmələri təxirə salındı, çünki Qiyas huşunu itirdi. Yalnız “təcili yardım” həkimlərinin müdaxiləsindən sonra özünə gəldi. Ancaq buna baxmayaraq, proseslərdə hakimlərin suallarını çətinliklə cavablandırdı”, – vəkil Elçin Sadıqov bildirib.
Onun sözlərinə görə, həbslə bağlı qərarlar qüvvədə qalıb.
Məhkəmə binasında İbrahimin anası Şura Əmiraslanovanın da vəziyyəti pisləşib.
“Bir saat ərzində Qiyasa iki təcili yardım briqadası kömək etdi. Buna baxmayaraq, məhkəmədə qıcolma vəziyyətində idi, ona görə də danışa bilmədi”,- Əmiraslanova deyib.
Məhkəmədən sonra o, inzibati həbs olunanların saxlanma məntəqəsinə gedib, lakin orada oğlu ilə görüş verilməyib və deyiblər ki, iyunun 26-da gəlsin.
Xatırladaq ki, Qiyas İbrahim iyunun 22-də günorta saxlanılıb, mülki geyimli şəxslər onun evinə gələrək fəaldan iyunun 20-də Söyüdlü kəndində etiraz aksiyasının amansızcasına dağıdılması ilə əlaqədar sosial şəbəkələrdə polisin və hakimiyyətin ünvanına yazdığı statusu silməyi tələb ediblər.
Həmin gün məhkəmə ona İnzibati Xətalar Məcəlləsinin yalnız bir maddəsi – 535.1-ci maddəsilə (polisə tabe olmamaq) 1 ay müddətinə həbs cəzası təyin edib.
İyunun 24-də isə məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsilə (“yayılması qadağan edilmiş məlumatların yerləşdirilməsi haqqında qanunvericiliyin tələblərinin pozulması”) təqsirli bilib.
Qiyas İbrahim əvvəllər də həbs olunub. Belə ki, 2016-cı ildə mərhum Bayram Məmmədovla birlikdə Heydər Əliyevin abidəsinin üzərinə siyasi şüarlar yazdıqdan sonra həbs edilib. Hər iki gənc 10 il həbs cəzasına məhkum olunub, lakin 2019-cu ildə əfv ediliblər.
Turan