“Nərmin işi” üzrə hökmün verilməməsinə görə hakimdən şikayət olundu

tərəfindən Gozetci

Foto: Meydan TV

İlkin Süleymanovun ailəsi bildirir ki, hakim müxtəlif bəhanələrlə hökmü verməkdən imtina edir

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunaraq, 18 il azadlıqdan məhrum edilən İlkin Süleymanov haqqında çıxarılmış hökm hələ də onun vəkillərinə təqdim olunmayıb. Bu barədə Meydan TV-yə məlumat verən yaxınları bildirib ki, vəkillər iyunun 9-da növbəti dəfə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanova müraciət edərək, hökmün surətini istəyiblər. Lakin yenə “yox” cavabı alıblar:

“Müxtəlif bəhanələrlə Dadaş İmanov hökmün surətini verməkdən imtina edir. Halbuki, qanuna görə, üç gün ərzində hökmün surəti tərəflərə təqdim olunmalıdır”.

Vəkillər iyunun 9-da hakim Dadaş İmanovdan imtina cavabı alandan sonra Məhkəmə-Hüquq Şurasına şikayət ediblər.

Ardınca İlkin Süleymanovun atası İbrahim Süleymanov da həm Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, həm də Ali Məhkəmənin sədri İnam Kərimova teleqram göndərib. O yazır ki, Dadaş İmanovun sədrliyilə iki il davam edən məhkəmə prosesi boyunca oğlunun təqsirsiz olduğunu sübut edən çoxsaylı faktlar ortaya qoyuldu. Buna baxmayaraq, Dadaş İmanovun sədrlik etdiyi hakimlər kollegiyası ittiham hökmü çıxardı. Lakin bu hökmü necə əsaslandırdığı onlara məlum deyil. Çünki günlərdir müxtəlif bəhanələrlə hökmü verməkdən imtina edir.

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə İlkin Süleymanovgilin evinin qarşısında yandırılmış meyit tapılıb.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini övladlığa götürmək məqsədilə oğurlayıb. Daha sonra qətlə yetirərək meyiti evlərinin yaxınlığında yandırıb.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İstintaqdakı ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az