Zamin Salayevin məhkəmədə vəziyyəti pisləşdi

“Bunlar onsuz da məni öldürmək istəyirlər, ailəmi sizə əmanət edirəm…”

tərəfindən Gozetci

Zamin Salayev. Foto: Meydan TV

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin sədri, həbsdə 100 gündür ki, aclıq etdiyi bildirilən Zamin Salayevin (ailə üzvləri, partiyadaşları onu Əlizamin adlandırır-red.) vəziyyəti mayın 17-də Qaradağ Rayon Məhkəməsində pisləşib. Bu səbəbdən məhkəməyə Təcili Tibbi Yardım briqadası çağırılıb. Həkimlər təxminən 40 dəqiqəyə yaxın müddətdə məhkəmədə Zamin Salayevə yardım göstərib.

2023-cü ilin fevralında “Lökbatan dairəsi”ndə Natiq Süleymanov adlı şəxsi təhqir edib vurmaq, ardınca da bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Zamin Salayevin işinə Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyilə baxılır. Ona qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bundan əvvəlki məhkəmə iclaslarında olduğu kimi, yenə də Zamin Salayevin vəkilləri Nemət Kərimli və Fəxrəddin Mehdiyev onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar. Vəkillər bildirib ki, onun həyatı təhlükə altındadır, durumu kritikdir: “Onun təqsirsiz olması, həbsdə saxlanması üçün heç bir əsas olmaması bir yana, həm də humanizm prinsiplərini əsas götürməyinizi xahiş edirəm. Onun həyatına təhlükə var”.

Lakin hakim Rufan Kərimov bu dəfə də Zamin Salayevi ev dustaqlığına buraxmaqdan imtina edib. Deyib ki, onun həbsdə saxlanması üçün göstərilən əsaslar aradan qalxmayıb.

Məhkəmənin bu qərarına Zamin Salayev belə reaksiya verib:

“Burada ədalətdən çox danışırsınız. Azərbaycanda ədalət var?”

O, daha sonra məhkəmə zalında olan AXCP sədri Əli Kərimliyə müraciət edərək deyib: “Bunlar onsuz da məni öldürmək istəyirlər. Əli bəy, mən ailəmi sizə əmanət edirəm…”

Daha sonra məhkəmə prosesi şahidlərin dindirməsi ilə davam edib. Öncə Astara rayonundan olan iki sürücü – Rüfət Fəttayev və Sərdar Həmidli dindirilib.

Rüfət Fəttayev bildirib ki, “Lökbatan dairəsi”ndə 10-15 nəfərin toplaşdığını görsə də, kimin kimi vurduğunu öz gözüylə görməyib.

Sərdar Həmidli də deyir ki, adamların toplaşdığını görüb. Amma nə qan görüb, nə də bıçaq.

Məhkəmədə Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin sahə inspektoru Əfqan Əliyev dindiriləndə Zamin Salayevin durumu pisləşib və məhkəməyə təcili yardım çağırılıb. Ona tibbi yardım göstəriləndən sonra məhkəmə prosesi davam etdirilib.

Bu bölmənin başqa bir əməkdaşı Etibar Eyvazov da məhkəmədə şahid qismində ifadə verib. Onlar iddia edir ki, Zamin Salayev Natiq Süleymanovu bıçaqla vurandan sonra onu hadisə yerində olan 10-15 nəfər vətəndaş tutub saxlamışdı. Natiq Süleymanov Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verəndən sonra onlar hadisə yerinə gediblər, həmin vətəndaşlar da Zamin Salayevi onlara təhvil veriblər.

Zamin Salayev isə deyir ki, yalandır. “Lökbatan dairəsi”ndə getdiyi yerdə Natiq Süleymanov söyə-söyə onun üstünə gəlib, vurmağa başlayıb: “Dərhal başa düşdüm ki, təxribatçıdır, onu itələyib uzaqlaşmaq istədim. Qaçanda gördüm ki, kənarda əvvəldən plana uyğun olaraq, gizlənmiş polislər tökülüşdülər üstümə, əllərimi qandalladılar. Mülki geyimli polislər məni gətirib Lökbatanın içində formalı polislərə təhvil verdilər. Onlar da Post-Patrul maşınına mindirib, 10-cu bölməyə apardılar.

Bu ziddiyyəti aydınlaşdırmaq məqsədilə Zamin Salayevin vəkilləri polislərdən soruşub ki, bəs niyə onu tutub saxlayan 10-15 nəfər vətəndaşların heç birini şahid kimi bölməyə gətirmədilər? Bu suala polislər cavab verə bilməyib.

İstintaqda dindirilmiş şahidlərdən biri məhkəməyə teleqram göndərib ki, gələ bilmir, amma ifadəsini təsdiqləyir. Vəkillər buna razı olmayıb, onun ifadəsinin sübutlar siyahısından çıxarılmasını istəyib. Bu vəsatət təmin olunub.

Ardınca sənədlərin tədqiqi mərhələsi başlayıb.

Məhkəmədə ekspertiza rəyi elan olunarkən müdafiəçilər buna etiraz edib. Orada göstərilib ki, bıçağın üstündəki barmaq izi Zamin Salayevə məxsusdur.

Vəkil Fəxrəddin Mehdiyev bu rəyin qanunsuz olduğunu vurğulayıb. Onun sözlərinə görə, qanun həmin bıçağın götürüldüyü yeri, onun ölçüsünü və s. göstərməyi tələb edir: “Bunun fotoşəkilləri olmalıdır, heç nə yoxdur. Bu ekspert rəyi qanunsuz və əsassızdır”.

Zamin salayev də rəyin saxta olduğunu deyib.

Vəkillər məhkəmədə bir sıra vəsatətlər qaldıraraq, işin ətraflı araşdırılmasını istəsə də, heç biri təmin olunmayıb.

Daha sonra hakim məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edib.

Mayın 22-də prokuror çıxış edərək, Zamin Salayevə cəza istəyəcək.

AXCP-nin fəal üzvlərindən olan Zamin Salayev fevralın 7-dən həbsdədir. O deyir ki, hadisə baş verən ərazidə 8 təhlükəsizlik kamerası var. O kameraların heç birinin görüntülərinin çıxarılmaması və onların hamısının eyni vaxtda işləmədiyinin bəhanə gətirilməsi də bu hadisənin təxribat olduğunu sübut edir.

Zamin Salayev bundan öncə dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. Həmin vaxt Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılmışdı.

Zamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan az sonra Zamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi. İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə bir neçə illik həbslə cəzalandırılıb. O, Həmzə Əzizovun ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə özü haqqında deyilənləri təkzib edib.

Zamin Salayev ötən yay Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün yeşiklərdə gilas gətirməsiylə də gündəmə gəlmişdi.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az