ABŞ Dövlət Departamenti 100 gündür ki, aclıq edən AXCP üzvü Zamin Salayevin işini diqqətlə izləyəcəyini bildirib.
Departament rəsmisi Vedant Patel mayın 18-dəki brifinqdə “Turan”ın Salayevlə bağlı sualına cavabında belə deyib.
Patel qeyd edib ki, Zamin Salayevin aclıq aksiyası elan etdiyindən xəbərdardırlar.
“Biz əvvəlki kimi insan hüquqlarına və əsas azadlıqlarına hörmətin təşviqinə sadiqik. Azərbaycan hakimiyyətini öz konstitusiyasına və beynəlxalq sazişlərə uyğun addımlar atmağa çağırırıq”,-deyə Patel əlavə edib.
Dünən Zamin Salayevin aclığın yüzüncü günündə məhkəmə iclası zamanı huşunu itirdiyi bildirilir.
Növbəti məhkəmə iclası mayın 22-nə təyin edilib və həmin gün prokuror Zamin Salayevə cəza istəyəcək.
AXCP-nin fəal üzvlərindən olan Zamin Salayev fevralın 7-dən həbsdədir.
O deyir ki, hadisə baş verən ərazidə 8 təhlükəsizlik kamerası var:
“O kameraların heç birinin görüntülərinin çıxarılmaması və onların hamısının eyni vaxtda işləmədiyinin bəhanə gətirilməsi də bu hadisənin təxribat olduğunu sübut edir”.
Zamin Salayev bundan öncə dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib.
2020-ci il aprelin 20-də isə Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib.
Həmin vaxt Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılmışdı.
Zamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı.
Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.
Video yayılandan az sonra Zamin Salayev inzibati qaydada 30 günlük həbs olundu.
O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi.
İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.
Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.
Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə bir neçə illik həbslə cəzalandırılıb.
O, Həmzə Əzizovun ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə özü haqqında deyilənləri təkzib edib.
Zamin Salayev ötən yay Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün gilas gətirməsiylə də gündəmə gəlmişdi.
Meydan TV