Abbas Hüseyn həbsdə həyatı üçün təhlükə olduğunu bildirib

tərəfindən Gozetci

Mayın 16-da həbsdə olan “Müsəlman Birliyi” Hərəkatının fəalı Abbas Hüseynin sosial şəbəkələrdə səs yazısı yayılıb. O, 3 dəqiqəlik səs yazısında ağır vəziyyətdə olduğunu bildirir: https://www.youtube.com/watch?v=MSvBWQdABPM

“Hər an təhlükə altındayam. Bu gün olmasa sabah, sabah olmasa beş gün sonra, beş gün sonra olmasa da beş ay sonra məni öldürəcəklərinə şübhə etmirəm. Son beş ayda olduğum həbsxana rəhbərləri tərəfindən beş dəfə ən ağır şəkildə döyülüb işgəncələrə məruz qalmışam”, deyə o qeyd edib.

Abbas Hüseynə aid olduğu bildirlən səs yazısında ağır işgəncələr təsvir edilir.

“Əllərim arxadan qandalanıb yerə yıxılıb döyülmüşəm. Qollarım dəmir koykaya (çarpayı – red.) bağlanıb işgəncələrlə döyülmüşəm. Baş vermis qanunsuzluqlardan şikayət etmək üçün bir yol açılsın deyə hələ 7 saylı Cəzaçəkmə müəssisəsində olarkən şikayət etmək tələbi ilə fevral ayında 11 gün su içməkdəndə imtina edərək aclıq aksiyası etmişəm. Çox çətinliklə şikayələrimi lazım olan ünvanlara və şəxlərə göndərsəm də, baş vermis cinayət hallarına etinasız yanaşıblar”, deyə səs yazısında qeyd edilir.

Səs yazısnda ölkənin “vicdanlı dövlət işçilərinə, vətənini, millətini sevən azad söz sahiblərinə, haqqı bilib qoruyanlara, cəmiyyətin tanınmış siyasət adamlarına, özlərini müstəqil bilən hüquq müdafiəçilərinə, Ombudsmana” bu məsələlərə biganə qalmaması üçün müraciət edilir.

“Sizlərin yardımına və dəstəyinə ehtiyacım var. Biləsiniz ki, olduğum yerlərdə mənə qarşı qərəzli münasibətlər, düşmən rəftarları var. Əsas istədiyim budur ki, bunu biləsiniz ki, əgər mən ölsəm, infarkt keçirsəm, beynimə qan sızsa, həyatımda pis hadisə baş versə səbəbkarlar olduğum yerin həbsxana rəisləridir. Penitensiar Xidmətin də rəhbərləridir ki, sifarişi onlar edirlər. Ölümdən qorxmuram. Sadəcə mən öləndən sonra cinayətin gizlədilməsindən narahatam. Bu məsələyə biganə qalmayan şəxslərə təşəkkür edirəm”, deyə Hüseyn qeyd edir.

Abbas Hüseynin anası Rəhimə Hüseynova Youtube kanalında yayılan səs yazısının oğluna aid olduğunu təsdiq edib.

“Bəli, mənim oğlumun səsidir. O, səsi özü yayıb. Məm anası kimi oğlumun zülmlər çəkdiyini görürəm. Dustaqları qaldırırlar üstünə, müdir özü döyür”, deyə o qeyd edib.

O, mayın 15-də ölkə rəhbərliyinin diqqətini oğlunun hüquqlarının pozulmasına cəlb etmək üçün Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirdiyini xatırladıb.

Hüseynin vəkili Fəxrəddin Mehdiyev bildirib ki, Qobustan həbsxanasına köçürülmə məhbusun şəxsi mülahizələrlə cəzalandırılma formasıdır.

“Məhkəmə 1 saylı Cəzaçəkmə müəssisəsinin rəhbərinin təqdimatı əsasında Abbas Hüseynin Qobustan qapalı həbsxanasına göndərilməsi barədə qərarı intizam tədbiri kimi qəbul edib. Ona cəzaçəkmə müəssisəsini dəyişmək və karserə yerləşdirmək yoluyla təzyiq göstərilib. Əvvəllər o, 7 saylı Cəzaçəkmə müəssisəsində təzyiqlərə məruz qalıb. Şikayətlərimə baxmayaraq, işgəncə faktı araşdırılmayıb. Hesab edirəm ki, indi 1 saylı Cəzaçəkmə müəssisəsinin rəhbərliyinin Abbas Hüseynə qarşı münasibəti qərəzlidir və təzyiq xarakteri daşıyır”, deyə vəkil qeyd edib.

O, əlavə edib ki, Abbas Hüseynin Qobustan həbsxanasına göndərilməsi barədə məhkəmə qərarından apellyasiya şikayəti verib.

Ombudsman Aparatının Mətbuat xidmətindən bildiriblər ki, Abbas Hüseynin sosial şəbəkələrdə yayılan müraciəti ilə tanış olublar.

“Təbii ki, onun əvvəlki müraciətlərinə də vaxtında reaksiya verib araşdırdığımız kimi, bu müraciəti də araşdırılacaq”, deyə Ombudsman Aparatının Mətbuat xidmətindən qeyd ediblər.

Penitensiar Xidmətdən və Baş Prokuroluqdan şərh almaq mümkün olmayıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az