Vəkil: “Baş Prokuror Zamin Salayevin işini nəzarətə götürüb”

tərəfindən Gozetci

Prokurorluq əməkdaşları təcridxanaya baş çəkib

Aprelin 29-da Baş Prokurorluğun əməkdaşları Bakı İstintaq Təcridxanasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan təşkilatının sədri, 82 gündür həbsdə aclıq etdiyi bildirilən Zamin Salayevlə görüşüb. Bu barədə Meydan TV-yə onun vəkili Nemət Kərimli məlumat verib.

AXCP fəalı ilə görüşənlər Baş Prokurorluğun polis orqanlarında istintaqa nəzarət idarəsinin əməkdaşları olub:

“Bu görüş haqda Zamin Salayev telefon vasitəsilə mənə məlumat verdi. Görüşdə bildirilib ki, Baş prokuror Kamran Əliyev bu məsələni nəzarətə götürüb, iş araşdırılacaq, ədalətlə baxılacaq. Zamin Salayev də ərizə yazıb, prokurorluq əməkdaşlarına təqdim edib”.

Zamin Salayev ərizədə heç bir cinayət törətmədiyini, təqsirsiz olduğunu, AXCP-nin Salyan şöbəsinin sədri kimi, siyasi fəaliyyətinə görə cəzalandırıldığını göstərib. O, ərizəsində səbəbkar kimi Salyan Rayon Polis Şöbəsinin rəisi Nəzər Əsgərovun adını çəkib.

Zamin Salayev fevralın 7-dən həbsdədir. O, Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunur.

Cinayət işinin materiallarında iddia olunur ki, AXCP fəalı Natiq Süleymanov adlı şəxsə bıçaqla xəsarət yetirib.
Lakin Zamin Salayev deyir ki, bu ittiham yalandır. Onun sözlərinə görə, fevralın 7-də axşam saatlarında “Lökbatan dairəsi” adlanan ərazidə yaşadığı Salyan rayonuna qayıtmaq üçün yol kənarında maşın gözləyərkən tanımadığı bir nəfərin söyüş söyə-söyə ona tərəf gəldiyini görüb. Həmin şəxs qəfildən əlini cibinə salıb bıçaq çıxarıb. Bu zaman baş verənlərin təxribat olduğunu anlayıb və onu itələyib uzaqlaşmaq istəyəndə ətrafdan xeyli adam çıxıb: “Başa düşdüm ki, məni həbs eləmək üçün plan qurublar”.

Mayın 2-də bu cinayət işi üzrə məhkəmə prosesi başlayır.

AXCP-nin fəal üzvlərindən olan Zamin Salayev bundan öncə dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə o, Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, həmin vaxt Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılmışdı.

Zamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan az sonra Zamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi. İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə bir neçə illik həbslə cəzalandırılıb. O, Həmzə Əzizovun ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə özü haqqında deyilənləri təkzib edib.

Zamin Salayev ötən yay Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün yeşiklərdə gilas gətirməsiylə də gündəmə gəlmişdi.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az