Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, aprelin 27-də Azərbaycandan göndərilmiş ərizələr üzrə 2 yekun qərarını elan edib. Ərizələrdə ədalətli məhkəmə araşdırması, şəxsi həyatın toxunulmazlığı və ayrı-seçkiliyin yolverilməzliyi hüquqlarının pozuntusu mübahisələndirilmişdi.
Şəhla Abbasəliyeva Azərbaycana qarşı (№ 6950/13)
Ərizəçi Şəhla Səməd qızı Abbasəliyeva 1959-cu ildə anadan olmuş Azərbaycan vətəndaşıdır, Qazax rayonunda yaşayır. Məhkəmə işi 2011-ci ildə ərizəçi barəsində “Gündəlik Bakı” qəzetində dərc edilmiş bir neçə məqalə ilə bağlıydı. Həmin məqalələrdə Qazaxdakı xəstəxananın ambulatoriyasına baş həkim təyin olunmuş ərizəçinin buna layiq olmamasından bəhs edilirdi, məqalə müəllifləri bunu ərizəçinin qardaşı Elçin Əmiraslanovun 1995-ci ildə dövlət çevrilişinə cəhddə iştirak etməkdə təqsirli bilinməsi ilə əsaslandırırdı. Ərizəçi məqalələrin yayılmasından bir qədər sonra baş həkim vəzifəsindən azad edilmişdi. O, həm işəgötürənə, həm də qəzetə qarşı məhkəmə iddiası qaldırmış, ancaq iddiaları uğursuz olmuşdu.
Ərizəçi Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinə əsaslanaraq, milli məhkəmələrin onun qəzetə qarşı iddialarını təmin etməməsindən və onun baş həkim vəzifəsindən azad edilməsinin nüfuz hüququnu pozmasından, habelə, ona qarşı ayrı-seçkilik edilməsindən şikayət edirdi. Ərizəçi, xüsusilə, məqalələrin pis niyyətlə yazıldığını və yalnız qardaşının siyasi baxışlarına və əqidəsinə görə onu gözdən salmaq məqsədi güddüyünü vurğulayırdı.
Avropa Məhkəməsi mübahisəli məqalələrin ifadə azadlığı hüququnun sərhədlərini aşdığı, ərizəçinin Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi həyata hörmət hüququnu pozduğuna qərar verib. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 4500 avro ödəməlidir.
Dursun Əliyev Azərbaycana qarşı (№ 20216/14)
Bu işdə ərizəçi Dursun İsrafil oğlu Əliyev polis idarəsində əməliyyat müvəkkili işləyib. Məhkəmə işi ona qarşı narkotik alveri ittihamı ilə cinayət işinin açılması ilə bağlıydı. Ərizəçi Konvensiyanın 6-cı maddəsinə əsaslanaraq digər məsələlərlə yanaşı iddia edirdi ki, yuxarı rəisləri ilə ixtilaflarının olması səbəbindən ittiham edilib, uydurma və ya etibar edilməməli olan sübutlar əsasında məhkum olunub. Ərizəçinin iddiasına görə, ona həmin etibarlı olmayan sübutlara effektiv etiraz etmək, onun xeyrinə olan arqumentləri təqdim etmək imkanı verilməyib, cinayət prosesinin ibtidai istintaq mərhələsində ilkin dindirilməsi zamanı effektiv hüquqi yardım almaq imkanından məhrum edilib.
Avropa Məhkəməsi keçmiş polis məmurunun iddialarını əsaslı sayıb, ona münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb. Qərara görə, hökumət ərizəçiyə ümumilikdə 5 min avro təzminat ödəməlidir.
aihmaz.org