ABŞ bir daha Azərbaycan hakimiyyətini siyasi məhbusları, o cümlədən hüquq müdafiəçisi, vəkil Elçin Məmmədovu azad etməyə çağırır. Bu barədə çərşənbə günü Dövlət Departamentinin rəsmi nümayəndəsi Turan-ın müxbirinə bildirib.
“Biz üzrlü səbəb olmadan azadlıqdan məhrum edilmiş Elçin Məmmədovu və digər azərbaycanlıları dərhal azad etməyə çağırırıq və Azərbaycanı söz, assosiasiya və toplaşma azadlığına hörmət etməyə çağırırıq”, – mənbə qeyd edib.
Martın 30-da Elçin Məmmədin həbs edilməsindən üç il ötür. Azərbaycanda insan hüquqlarının vəziyyətini tənqid edən məruzə İnternetdə dərc edildikdən sonra Məmməd Sumqayıt şəhərindəki evində polis əməkdaşları tərəfindən saxlanılıb.
Bir neçə nəfərin işilə yanaşı onun işi də Dövlət Departamentinin “Ədalət olmadan” təşəbbüsü çərçivəsində xatırlanıb. Yanvarda Bayden administrasiyası bütün dünyada ədalətsiz həbs olunanların azad edilməsini müdafiə edəcəyini bildirib. Onların arasında ötən ilin aprelindən həbsdə olan rusiyalı görkəmli siyasi xadim və jurnalist Vladimir Kara-Murza da var.
“Biz Rusiya hakimiyyətini Vladimir Kara-Murzanı dərhal azad etməyə və ona bütün lazımi tibbi yardımla təmin etməyə çağırırıq”, -Dövlət Departamentinin nümayəndəsi Turana-a bildirib.
Martın 3-də ABŞ Kara-Murzanın özbaşına saxlanması ilə əlaqədar altı nəfərə qarşı sanksiya və viza məhdudiyyətləri tətbiq edib. “Biz bu hərəkətlərə görə onların məsuliyyətə cəlb olunmasına ümid edirik”, – o deyib.
“Ümid edirik ki, onların hər birini azadlıqda görəcəyik. Biz çalışırıq ki, bu məhbuslar, onların yaxınları və bütün dünya bilsin ki, onlar unudulmayıblar”, – o əlavə edib.
ABŞ insan hüquqlarının və əsas azadlıqların universallığına inanan bütün ölkələri və adamları “Ədalət olmadan” təşəbbüsünü dəstəkləməyə çağırır. “Biz diqqəti onların vəziyyətinə cəlb etmək üçün ictimai müdafiə və özəl tədbirlər də daxil olmaqla, bir sıra vasitələrdən istifadəni davam etdirəcəyik”, – nümayəndə deyib.
Martın 3-də Dövlət Departamenti “Ədalət olmadan” təşəbbüsünün siyasi məhbuslar siyahısına Nikaraqua yepiskopu, 26 il müddətinə azadlıqdan məhrum edilmiş Rolando Alvaresi əlavə edib.
“Amerikalı diplomatlar siyasi məhbusların üzləşdiyi problemləri işıqlandırmaq və onların azad edilməsinə nail olmaq üçün həmfikir ölkələrlə, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki İnsan Hüquqları Şurasının hazırkı sessiyasında əməkdaşlıq ediblər”, – mənbə deyib.
Martın 27-də Litvanın Vaşinqtondakı səfirliyində ABŞ dövlət katibinin müavini Uzra Zeya və digər şəxslər tədbirdə hazırkı siyasi məhbusların ailə üzvlərilə birlikdə iştirak ediblər və üzrlü səbəb olmadan həbs edilən bütün məhbusların dərhal azad edilməsinə çağırıblar.
Turan