Hesabatda Azərbaycan-Ermənistan münasibətləri, insan haqları, qarşılıqlı əməkdaşlıq məsələləri yer alıb
Martın 13-dən başlayaraq Azərbaycandakı hakimiyyətyönümlü media, telekanallar Avropa İttifaqını tənqid atəşinə tutub. Səbəb Avropa İttifaqının (Aİ) Azərbaycanla bağlı yaydığı yeni hesabatıdır.
Avropa İttifaqının Xarici Əlaqələr Komitəsi Eliana Zovkonun (Avropa Xalqları Partiyasının üzvü, Çexiya) öz təşəbbüsü ilə hazırladığı Aİ ilə Azərbaycan arasında münasibətlərə dair hesabatını qəbul edib. Hesabat bir sıra beynəlxalq paktları, eyni zamanda Aİ və Azərbaycan arasında bağlanmış müqavilələri nəzərə alaraq hazırlanıb. Hesabat bir neçə əsas başlıqdan və müddəalardan ibarətdir.
Hesabatda həmçinin 30 ildən artıqdır ki, davam edən Dağlıq Qarabağ konfliktinin, Ermənistan və Azərbaycan arasındakı müharibənin beynəlxalq səviyyədə suveren ərazilər kimi tanınan ərazilərin işğal edilməsinə gətirib çıxardığı qeyd olunub.
Bildirilib ki, Azərbaycan on minlərlə qurban verib, müharibə böyük dağıntılara, o cümlədən mədəni və dini obyektlərin itirilməsinə səbəb olub, yüz minlərlə insan öz yurd-yuvasından didərgin düşüb.
Hesabatda deyilir ki, Azərbaycan və Ermənistan arasında ölümlərlə nəticələnən hərbi toqquşmalar vaxtaşırı olaraq yenidən alovlanmağa davam edir. 2020-ci ildə Azərbaycanın apardığı 44 günlük müharibədən sonra qəbul edilən 9 noyabr 2020-ci il tarixli atəşkəsin şərtləri isə tam yerinə yetirilməyib.
Münaqişənin həlli və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması
Hesabatda bildirilir üzvlər Ermənistan və Azərbaycan arasında davamlı sülhə hərbi yolla və güc tətbiqi ilə nail olmağın mümkünsüzlüyünə əmindir. Həmçinin beynəlxalq hüquqa uyğun şəkildə hərtərəfli siyasi həll yolu tapılması tələb olunur. Eyni zamanda Aİ üzvləri hərtərəfli sülh müqaviləsinin effektivliyi üçün Ermənistanın suveren ərazisinin bütövlüyünün tanınmasını, bütün qaçqınların və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz şəkildə qayıtmasını, Dağlıq Qarabağda və münaqişənin mənfi təsirinə məruz qalmış digər ərazilərdə yaşayan erməni xalqının hüquqlarının və təhlükəsizliyinin təmin edilməsini özündə ehtiva edən müddəaların olmasını təsdiq ediblər.
Ermənistan və Azərbaycan rəhbərlikləri arasında fikir ayrılıqlarının ortadan qaldırılması və bölgədə davamlı və daimi sülhə nail olmaq üçün atılan çoxsaylı addımlar hesabatda alqışlanıb və hər iki ölkənin danışıqlarda davamlı iştirak etməsi yüksək dəyərləndirilib. Üzvlər münaqişənin hər iki tərəfinin bu məcrada davam etmələrini, irəliyə doğru konkret addımlar atılması üçün razılıq əldə edilməsi və regionda yaşayan bütün etnik qrupların rifahı üçün təhlükəsiz və firavan mühitin təmin edilməsi üçün çağırış ediblər.
Eyni zamanda üzvlər Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmaq üçün öhdəlik götürməsini alqışlayıb, Ermənistanın silahlı qüvvələrini regiondan çıxarmaq və vətəndaşların, eyni zamanda nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinin və hər iki istiqamətdə istehlak məhsullarının daşınmasına zəmanət vermək öhdəliyini xatırladıblar.
Azərbaycan hakimiyyətinə aşağıdakı çağırışlar edilib:
– 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun şəkildə, Laçın dəhlizi ilə hərəkət azadlığı və təhlükəsizliyi təmin olunsun;
– Dağlıq Qarabağ bölgəsində bütün azlıqların təhlükəsizlik məsələlərinə və hüquqlarına hörmətlə yanaşılsın, çünki müharibədən sonra bərpa və həqiqi barışıq üçün şərait yaratmaq zəruridir.
Həm Azərbaycan, həm də Ermənistan tərəfinə aşağıdakı məsələlərdə çağırış olunub:
– 9 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs müqaviləsinin bütün müddəaları tam şəkildə yerinə yetirilsin;
– nifrətə və ya açıq zorakılığa təhrik kimi qəbul edilən hər hansı düşmənçilik mövqeyindən və ya bu kimi hərəkətlərdən, cəzasızlığa dəstəkləyən hərəkətlərdən, inam, barışıq, əməkdaşlıq və davamlı sülh üçün əlverişli mühit yaradılması və buna təşviq etmək səylərinə xələl gətirə biləcək hərəkətlərdən qaçınılsın; o cümlədən üz-üzə danışıqlar aparılsın;
– Qütbləşmə, inamsızlıq, nifrət nitqi və digər münaqişəni alovlandıran hərəkətlərdən qaçınılsın, inamın yaradılması üçün görülən tədbirlər gücləndirilsin;
– 1988-ci ildən bəri konflikt zamanı baş vermiş hadisələrin faktiki qiymətləndirilməsi əsasında hər iki tərəf qurban olaraq tanınsın və barışığa inamın yaradılması üçün bir addım olaraq mühakimə mexanizmi yaradılsın.
Aİ-nın geniş iştirakı
Hesabatda həmçinin 2020-ci ildə baş verən müharibə zamanı və müharibədən dərhal sonra Aİ-nın passiv mövqe sərgiləməyi, Rusiya, İran və Türkiyə kimi ölkələrə regionda öz təsirlərini davam etdirmə imkanı yaratdığı qeyd olunub. Hesabatda o da xatırladılıb ki, Avropanın daha çox qabaqlayıcı diplomatiya ortaya qoyması bunun qarşısını ala bilər.
Üzvlər Aİ-nın regionda davam edən münaqişələrin həllində daha fəal iştirak etməyə hazır olduğunu qeyd edib və Avropa Şurasının Prezidenti Çarlz Mişelin Ermənistan və Azərbaycan liderləri arasında ikitərəfli görüşlərə çağırış etməsini və vasitəçilik etmə təşəbbüsünü güclü şəkildə dəstəklədiklərini vurğulayıblar.
Aİ-nın Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsinin regiondakı böhran zəminində gördüyü işlərin dəstəkləndiyi əlavə olub.
Aİ-nin Dağlıq Qarabağ və ətraf regionlarda münaqişədən zərərçəkmiş insanlara göstərdiyi humanitar yardım alqışlanıb. Komissiya həmçinin minalardan təmizləmə, eyni zamanda avadanlıq, təlim və risk təlimi üçün əlavə maliyyə yardımı ayrılmasına çağırır. Bununla yanaşı, Komissiya Dağlıq Qarabağ da daxil olmaqla ehtiyac olan ərazilərdə Aİ-nın yardımları artırmasına, daha çox inam artırılması üçün müvafiq tədbirlərin görülməsini təşviq etməyə, dinlərarası və etnik xalqlararası dialoqu təşviq etməyə, azlıqların hüquqlarını müdafiə etməyə və vətəndaşlar arasında münasibətlərin inkişaf etdirilməsi, sərhədin hər iki tərəfində yanaşı şəkildə davamlı və dinc həyatın əsaslarını qoymağa səsləyib.
İnsan hüquqları və əsas azadlıqlar
Aİ və Azərbaycan arasında gələcək dövrlərdəki əməkdaşlığın davam etməsi üçün ölkənin beynəlxalq standartlara və beynəlxalq öhdəliklərə, xüsusən də demokratiya, insan hüquqları, qanunun aliliyi və əsas azadlıqlarla bağlı öhdəliklərə cavab verməsi, bu istiqamətdə səmərəli və nəzərəçarpan irəliləyişlər əldə edilməsinin zəruri olması hesabatda xüsusi vurğulanıb. Xüsusilə də ifadə və bir araya gəlmə azadlığı, yaxşı idarəolunma, azlıqların hüquqları, media azadlığı və gender bərabərliyi tələblər arasındadır.
Yaxşı idarə, ədalət, qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə də digər tələblər sırasında qeyd olunub.
Üzvlər həmçinin məhkəmə sisteminin müstəqil, qərəzsiz olmaması və səmərəliliyinin davamlı olmamasından, həmçinin qərarların şəffaflığı barədə və prosessual çatışmazlıqlardan narahat olduqlarını ifadə ediblər. Azərbaycanda məhkəmə sisteminin tam müstəqilliyini təmin etmək məqsədilə məhkəmə və prokurorluq orqanlarında islahatlar aparılması üçün çağırışlar ediblər.
Üzvlər Azərbaycanın korrupsiyanın qarşısının alınması və rüşvətlə mübarizə sahəsində əldə etdiyi məhdud inkişafdan təəssüfləndiklərini bildiriblər.
Təhlükəsizlik və geosiyasi problemlər
Üzvlər 2022-ci ilin fevralında Moskvada imzalanmış Azərbaycan və Rusiya arasındakı Əməkdaşlıq haqqında Bəyannamədən dərin narahatlıqlarını bildiriblər, ancaq bununla yanaşı, Azərbaycanın Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə rəsmi dəstəyini, habelə müharibə zamanı Ukraynaya göstərdiyi humanitar yardımı alqışladıqlarını əlavə ediblər. Həmçinin üzvlərin Azərbaycanın Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi ilə bağlı BMT Baş Assambleyasının qəbul etdiyi qətnamələri dəstəklədiyi qeyd olunub və Azərbaycanı Rusiyaya qarşı sanksiyalardan yayınmamağa çağırıblar.
Hesabatda Aİ, onun üzv dövlətləri və Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın alqışlandığı qeyd edilib və terrorla mübarizədə əməkdaşlığın daha da artırılmasına tam dəstək verildiyi əlavə olunub.
Üzvlər NSO qrupun “Pegasus” cəsusluq proqramından qanunsuz və kütləvi şəkildə istifadəni və Azərbaycan hakimiyyətinin jurnalistlərə, blogerlərə, hüquq müdafiəçilərinə, hüquqşünaslara və siyasətçilərə qarşı kibertəhlükəsizliyi pozması, repressiv çıxışını pisləyib və Azərbaycan hakimiyyətini bu yola əl atmaqdan çəkinməyə çağırıb.
İqtisadi əməkdaşlıq
Hesabatda Azərbaycanın yanacaq enerjisi təchizatçısı kimi strateji rolunun böyük olduğu vurğulanıb. Komissiyaya Aİ-Azərbaycan əlaqələrinin genişləndirilməsinə yönələn beynəlxalq tərəfdaşlar tərəfindən xarici investisiyaların qoyulmasını dəstəkləməyə çağırış edilib. Bərpa olunan enerji mənbələrinin inkişafının sürətləndirilməsi və enerji səmərəliliyinin artırılması üçün mühüm addımlar atması üçün Azərbaycan hakimiyyətinə çağırış edilib.
Meydan TV