51 gündür Penitensiar Xidmətin müalicə müəssisəsində aclıq edən fəal Bəxtiyar Hacıyev ağır fiziki və psixoloji vəziyyətdədir. Bu barədə Turan-a çərşənbə axşamı fəalı ziyarət edən vəkil Fəxrəddin Mehdiyev bildirib.
“Bəxtiyarın vəziyyəti çox ağır olaraq qalır. Bu gün qan təzyiqi 85/55-ə düşüb. Çəkisi 63,7 kiloqramdır (təcridxanaya daxil olanda çəkisi 84,5 kiloqram olub). Yuxusuzluqdan, baş gicəllənməsindən əziyyət çəkir”, – vəkil deyib.
Vəkilin sözlərinə görə, Bəxtiyar Hacıyev mülki xəstəxanaya köçürülməsini istəyir. Mülki xəstəxanaya köçürülməsilə bağlı digər vəkili Şəhla Hümbətovanın vasitəsilə Penitensiar Xidmətə ərizə göndərib. Ancaq müsbət cavab yoxdur.
Bundan əlavə, Bəxtiyar venadaxili infuziyanı professor Adil Qeybullanın etməsinə razılıq verib, lakin bundan sonra professoru Bəxtiyarın yanına buraxmırlar.
Fəalın saxlanma şəraiti çox pisdir, davamlı psixoloji təzyiq altındadır. Saxlandığı otaq dar, havalandırma və işıqlandırması yoxdur. Nəzarətçi daim yanındadır və hərəkət etmək mümkün deyil. Onlar vəziyyəti daha da ağırlaşdırıblar, Fəxrəddin Mehdiyev deyib.
Bununla bağlı Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
* Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.
Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Ancaq Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb və indiyədək davam etdirir.
Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb. Fevralın 23-də isə Xətai nəhkəməsi həbs müddətini daha 2 ay-aprelin 28-dək uzadıb.
Məhkəmələr məhkəmə istintaqı başlayana qədər həbs qətimkan tədbirinin dəyişdirilərək Bəxtiyar Hacıyevin ev dustaqlığına keçirilməsi və ya girov müqabilində azad edilməsilə bağlı vəkillərin çoxsaylı vəsatətlərini təmin etməyiblər.
Turan