Vəkil ictimai fəalın su içməyə başladığını deyir
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev yanvarın 9-dan başladığı aclığı davam etdirsə də, vəkilləri onu su qəbul etməyə razı sala bilib. Bu barədə Meydan TV-yə onun vəkili Rövşanə Rəhimli məlumat verib.
Bəxtiyar Hacıyev fevralın 16-da su qəbulundan da imtina edib, nəticədə onun vəziyyəti kəskin pisləşib. Hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan ictimai fəalın vəkilləri fevralın 21-də onunla orada görüşüb.
“Çox ağır vəziyyətdədir. Təzyiqi kəskin düşüb, qanda şəkər azalıb. Çətinliklə hərəkət edir. Ona hərtərəfli izah etdik, dostlarının, ona görə narahat olan başqa insanların da durumunu çatdırdıq. Su içməyə razı sala bildik”, – Rövşanə Rəhimli bildirib.
Fevralın 20-də Bakı Apelyasiya Məhkəməsi Bəxtiyar Hacıyev barəsində ev dustaqlığıyla bağlı şikayəti təmin etməyib. Buna baxmayaraq, vəkillər bu istiqamətdə hüquqi addımları dayandırmaq niyyətində deyil. Onlar ictimai fəalın barəsində həbs qətimkan alternativ qətimkan tədbirilə (ev dustaqlığı, girov, başqa yerə getməməyə dair iltizam və s.) əvəzlənməsi üçün yenidən məhkəməyə müraciət emək niyyətindədir. Həmçinin Bəxtiyar Hacıyevin səhhətinin aclıq nəticəsində kəskin pisləşməsini nəzərə alaraq, onun mülki xəstəxanaya köçürülməsi zərurətinin yarandığını vurğulayan vəkillər bu istiqamətdə də mümkün olan addımların atılması üçün müvafiq qurumlara müraciət ediblər.
Meydan TV-nin əldə etdiyi məlumata görə, istintaq orqanı isə Bəxtiyar Hacıyev haqqında həbs qətimkan tədbirinin uzadılması üçün məhkəməyə təqdimat verməyə hazırlaşır. İctimai fəal haqqında istintaq dövrü üçün seçilmiş həbs qətimkan tədbirinin müddəti fevralın 28-də başa çatır. Lakin istintaq hələ yekunlaşmayıb. Ona görə də istintaqı aparan qurum – Bakı şəhər Baş Polis İdarəsi məhkəməyə təqdimat göndərəcək. Yaxın günlərdə Xətai Rayon Məhkəməsində bu məsələyə baxılacağı gözlənilir.
Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.
Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.
Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.
İctimai fəal 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını bildirib. Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.
Meydan TV