Yanvarın 24-də “Xural” saytının həbsdə olan rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı Baş Prokurorluğun İstintaq İdarəsinin binası qarşısında etiraz aksiyası keçirib. O, jurnalistin həbsdə olduğu müddətdə ailəsi ilə görüşə və zənglərinə məhdudiyyətə etiraz etdiyini bildirib: “Əvəz Zeynallı dövləti cinayət törətməyib və ailəsi ilə görüşüb əlaqə saxlamaq onun doğal hüququdur”.
M.Zeynallı bütün sivil variantlara əl atdığını qeyd edib: “Prezidentə müraciət etdim, ondan sonra Əvəz Zeynallı, mən ombudsmana müraciət etdik, dedilər ki, mümkün qədər kömək edəcəyik. Düşünürdüm ki, prezidentə müraciətdən sonra bu qadağalar aradan qalxacaq, çünki Əvəz Zeynallının həbsi qanunsuzdur və ailəsi ilə görüşünün qarşısının alınması təzyiq üsullardan biridir”.
Jurnalistin həyat yoldaşı yenə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Eyvazova müraciət edərək əri ilə telefon danışığı və görüşə icazə verilməsini istəyib.
M.Zeynallı həmçinin qeyd edib ki, axtarış zamanı evlərindən müəyyən vəsait götürülüb. O, bunun qızlarının təhsil haqqı üçün nəzərdə tutulan vəsait olduğunu deyərək onun onlara qaytarılması ilə bağlı göstəriş verilməsini istəyib.
Onun sözlərinə görə, Ə.Zeynallının səhhətində də ciddi problemlər var: “Saxlandığı təcridxananın tibbi müəssisəsində ona zəruri göz əməliyyatının aparılmaması üçün müxtəlif bəhanələr gətirilir və heç kəs məsuliyyəti öz üzərinə götürmək istəmir”.
Onun bu açıqlamalarına, hələlik, Baş Prokurorluq, başqa rəsmi və aidiyyəti qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
Ə.Zeynallı ötən ilin sentyabrında rüşvət ittihamı ilə saxlanıb, haqqında həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qəbul etmir.
Ə.Zeynallı bundan da əvvəl – 2011-ci ildə yenə rüşvət ittihamı ilə saxlanmış və 9 il həbs cəzası almışdı. Amma onda da ittihamı qurama sayan jurnalist 2014-cü ilin sonunda prezidentin əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa çıxmışdı.
AzadlıqRadiosu