AXCP fəalına polis haqqında yazısına görə cəza kəsildi

tərəfindən Gozetci

Gülnarə Rəhimovaya 460 saat ictimai işlər cəzası verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Gülnarə Rəhimova Nəsimi Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşı Seymur İmanovun şikayəti əsasında cəzalandırılıb. Sentyabrın 5-də Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyilə onun haqqında ittiham hökmü çıxarılıb.

Gülnarə Rəhimova avqustun 11-də “Facebook” hesabındakı paylaşımına görə Cinayət Məcəlləsinin CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. Ona bu maddələrlə 460 saat ictimai işlər cəzası verilib.

Gülnarə Rəhimova polis əməkdaşının Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında çəkilmiş fotosunu paylaşıb və yazıb ki, iyulun 20-də “Quru sərhədləri açın!” tələbilə keçirilən aksiyada saxlanılan Müsavat fəalı Əziz Məmiyevi 41-ci polis bölməsinin həyətində onun gözü qarşısında döyən polislərdən biri də bu olub:

“Quru sərhədləri açın!” tələbilə Nazirlər Kabineti qarşısında keçirilən aksiyaya gedəndə metronun “İçərişəhər” stansiyasının qarşısında polislər tərəfindən qanunsuz olaraq saxlanılıb 41-ci polis bölməsinə aparılanda Əziz Məmiyev də mənimlə birlikdə idi. Əzizi gözlərimin önündə polislər döymüşdülər, bu barədə həmin vaxt yazmışdım. Bu gün isə həmin polis serjantlarından birinin fotosunu əldə etdim və paylasıram ki hər kəs görsün və tanısın…”.

Məhkəmədə xüsusi ittihamçı Seymur İmanov çıxış edib. O bildirib ki, iddiasını müdafiə edir və Gülnarə Rəhimovanın Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrilə cəzalandırılmasını istəyir. O, Əziz Məmiyevi döyməsi haqda iddianı da rədd edib. Polis əməkdaşı vurğulayıb ki, Gülnarə Rəhimovagili saxlayıb maşınla polis bölməsinə apardıqlarına görə ondan bu yolla qisas alınır.

“Bizə tapşırıq verilmişdi, o tapşırıq əsasında həmin əraziyə getmişdik. Mən Post Patrul maşınında oturmuşdum. Saxlanılan şəxsləri gətirib mindirəndə və 41-ci bölmədə düşürəndə sadəcə, maşının qapısını açmışam. Kimisə nə təhqir eləmişəm, nə də döymüşəm”, – Seymur İmanov bildirib.

Gülnarə Rəhimova isə vurğulayıb ki, onun gözü önündə Əziz Məmiyevi döyənlərdən biri məhz bu şəxs olub. AXCP fəalı qisas alması haqda iddianın da absurd olduğunu söyləyib:

“Mən dəfələrlə aksiyalarda saxlanmışam. Niyə heç kimin fotosunu yaymamışam? Çünki zorakılıq göstərməyən adamların fotosunu yaymaram. Hətta elələri olub ki, məndə fotosu olub. Bu paylaşımda da mən gözümlə gördüklərimi yazmışam”.

Məhkəmədə Gülnarı Rəhimovanın vəsatəti əsasında Əziz Məmiyev şahid qismində dindirilib. O da Seymur İmanov tərəfindən döyüldüyünü təsdiqləyib:

“Məni “İçərişəhər” metrostansiyasının qarşısında saxlayıb maşına mindirəndə elə döyürdülər, başımı o qədər aşağı əymişdilər, az qalırdı, asfalta dəysin. Maşında heç nə eləmədilər. 41-ci bölməyə çatıb düşürəndə həyətdə döyə-döyə aparırdılar. Təpiklərin yeri uzun müddət bədənimdə qalmışdı. Mənə 30 sutka verib təcridxanaya göndərəndə orada müayinə zamanı həkimlər də qeydə aldılar”.

Əziz Məmiyev əlavə edib ki, o, məruz qaldığı işgəncə ilə əlaqədar Səbail rayon Prokurorluğuna şikayət edib. Hələ ki, nəticəsi barədə məlumat yoxdur.

Gülnarə Rəhimovanın vəkili Zibeydə Sadıqova müvəkkilinin təqsirsiz olduğunu, onun yazdıqlarında təhqir və böhtan olmadığını vurğulayıb və ona bəraət verilməsini istəyib.

Lakin qısa müşavirədən sonra hakim gedri qayıdaraq, ittiham hökmünü elan edib.

Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, hökmü əsassız hesab edir və apelyasiya şikayəti verəcək:

“Bu cür şikayəti məhkəmə heç icraata götürməməliydi. Biz ortaya qoyduğumuz sübutlara əsaslanaraq düşünürdük ki, məhkəmə bəraət hökmü çıxaracaq. Təəssüf ki, belə bir hökm verildi…”

Gülnarə Rəhimova isə hökmü hakimiyyətin ondan qisas almaq cəhdi hesab edir. Onun fikrincə, AXCP üzvü olması və tənqidi paylaşımları, etiraz aksiyalarında iştirakı bu işdə başlıca rol oynayıb:

“Bu cür vasitələrlə məni qorxutmaq, fəaliyyətimi məhdudlaşdırmaq istəyirlər. Siyasi sifarişli məhkəmə idi, başqa hökm də gözləmirdim belə məhkəmələrdən…”

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun təşkil etdiyi “Quru sərhədləri açın!” şüarıyla etiraz aksiyası iyulun 19-da Nazirlər Kabinetinin qarşısında keçirilib. Həmin gün aksiyaya gələnlərdən Müsavat Partiyasının üzvü Əziz Məmiyev saxlanılıb, ona 30 sutka həbs cəzası verilib. Əziz Məmiyev yaxınlarına saxlanılarkən və daha sonra polis bölməsində döyüldüyünü bildirib.

Həmin vaxt Gülnarə Rəhimova və daha bir neçə fəal Əziz Məmiyevlə birlikdə saxlanılaraq, eyni avtomobildə polis bölməsinə aparılıb.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az