“Tərtər işi” üzrə mühakimə olunanların qohumları bazar ertəsi Baş Prokurorluğun binası qarşısında növbəti etiraz aksiyası keçiriblər. Onlar həbs edilənlərin azad olunmasını tələb ediblər.
“Bizim övladlarımıza 18-20 il həbs cəzası veriblər. Deyirlər ki, işə yenidən baxılır. 8 ay keçib, amma nəticə yoxdur. Eyni zamanda, həbs olunanlara işgəncə edənlər azadlıqdadır. İstintaq onların kimə xidmət etdiklərini müəyyənləşdirməlidir”, – aksiya iştirakçılarından biri deyib.
Etirazçılar istintaq qrupunun rəhbəri Qasım Məmmədovun onları qəbul etməsini tələb ediblər. Onları qəbula buraxıblar. Hadisə insidentsiz ötüşüb.
* 2017-ci ilin yazında Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq və Azərbaycan Müdafiə Nazirliyinin bölmələrinə qarşı təxribatların hazırlanması ittihamı ilə bir qrup hərbi və mülki şəxs həbs edilib.Bu iş üzrə istintaq və məhkəmələr qapalı olub. İstintaq hərəkətləri zamanı səkkiz nəfər ölüncəyədək işgəncəyə məruz qalıb. Onlardan beşi ölümündən sonra bəraət alıb.
Zərərçəkənlərin və günahsız həbs olunanların qohumlarının çoxsaylı etirazlarına görə 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq bərpa olunub.
Bu ilin aprelində müstəntiqlər hərbi hissələrdə işgəncələrə məruz qalmış 397 nəfəri zərərçəkmiş kimi tanıyıblar. Eyni zamanda 16 günahsız məhkumun barəsində hökmlər ləğv edilib.
Bundan əlavə, Azərbaycan Cinayət Məcəlləsinin aşağıdakı maddələrilə ittiham olunan 10 nəfər həbs edilib: 145.3 (qanunsuz azadlıqdan məhrumetmə), 293.2 (işgəncə; amansız, qeyri-insani və ya ləyaqəti alçaldan), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128 (qəsdən sağlamlığa yüngül zərər vurma).
Turan