İctimai fəal anasının döyüldüyünü deyir

tərəfindən Gozetci

Rəbiyyə Məmmədova: “Bu, əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilib”

İctimai fəal Rəbiyyə Məmmədova anası – 59 yaşlı Bəsti Məmmədovanın planlaşdırılmış şəkildə döyüldüyünü deyir. Bu barədə Meydan TV-yə danışan ictimai fəal bildirib ki, hadisə iyunun 3-də Binəqədi rayonu, 102 saylı Mənzil-Kommunal İstismar Sahəsinin ərazisində baş verib.

Rəbiyyə Məmmədovanın sözlərinə görə, Sevil Manafova anasına hücum edərək, ona ciddi xəsarətlər yetirib:

“Çanta ilə başına zərbələr endirib. Təpiklə dizinə bir neçə dəfə vurub. Dizləri əvvəldən də ağrıyırdı, bunu da iş yoldaşları bilirdilər. Bilərəkdən məhz o nahiyələrə də zərbə vurub. Anamın sifətində, ayaqlarında, çiynində xəsarət izləri var”.

İctimai fəal deyir ki, hadisənin baş verdiyi ərazidə kameralar var. İyunun 3-də Binəqədi rayonu, 5-ci polis bölməsinə şikayət edərkən həmin kameraların görüntülərinin alınmasını, onlara baxış keçirilməsini də tələb ediblər.

Bəsti Məmmədova iyunun 4-də ekspertizadan keçib. Həmçinin Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna tibbi yardım üçün müraciət edib.

Rəbiyyə Məmmədova əlavə edib ki, Sevil Manafova anasının iş yoldaşı olub. Onların hər ikisi 102 saylı Mənzil-Kommunal İstismar Sahəsində çalışırlar:

“O qadın ötən ilin sentyabrında gəlib. Mənim ictimai fəaliyyətimə görə anam əvvəllər də müxtəlif formada təzyiqlərə məruz qalıb”.

İctimai fəal 102 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi Elnur Nəsirovdan da şikayətçidir:

“Sevil hücüm edəndə bu şəxs anamın yerə düşən sümkasını təpiklə vurub, ayırmağa çalışmırmış. Anam döyüləndə onun üstünə qışqırıb, “sən edirsən” deyirmiş. O biri şəxs anamı döyüb sakitləşib gedəndə, onu geri çağırıb ki, “geri qayıt”. O da qayıdıb, gəlib anamı ikinci dəfə döyüb…”

Sevil Manafova da Bəsti Məmmədovadan şikayətçi olub, onun tərəfindən döyüldüyünü iddia edib. O da iyunun 4-də ekspertizadan keçib.

“Hadisə təhlükəsizlik kamerasının düz altında baş verib. Qoysunlar ortaya görüntüləri, kimin günahkar olduğunu göstərsinlər. Ekspertizaya gedəndə gördük ki, o qadını bizdən əvvəl gətiriblər artıq. Proseslərin təhlili göstərir ki, anamın döyülməsi bir nəfərin işi deyil, əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilib”, – Rəbiyyə Məmmədova bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələ ilə bağlı polis tərəfindən araşdırma aparıldığını bildirib.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az