“Səbəb polis idarələrində verilən işgəncələr zamanı Allahın təhqir edilməsidir”
Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin aclıq aksiyasına başladığı deyilir.
Bu barədə Meydan TV-yə onun müavini Elçin Qasımov məlumat verib.
Elçin Qasımov bildirib ki, Tale Bağırzadə iyunun 3-də aclıq aksiyasına başlayıb.
“Tale Bağırzadənin aclıq aksiyasına başlamasının səbəbi son dövrlər polis idarələrində vətəndaşlara verilən işgəncələr zamanı Allahın söyülməsi, təhqir edilməsidir. Tale Bağırzadə dedi ki, işgəncə verənlərin müqəddəsata təhqirlərinə etiraz olaraq bu addımı atmaq məcburiyyətindədir. Bütün bunlar bəşəri dəyərlərin alçaldılması, inanca qarşı qəbuledilməz addımdır”, -deyə Elçin Qasımov bilddirib.
Onun sözlərinə görə, Tale Bağırzadə bu cinayəti törədənlər cəzalanana qədər aksiyasını davam etdirəcəyini söyləyib.
Xatırlatma
Taleh Bağırzadə 2015-ci ildə polisin Nardaranda keçirdiyi əməliyyatı zamanı həbs olunub. İkisi polis olmaqla, 6 nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha 16 nəfər saxlanılıb. Məhkəmə onu 20 il azadlıqdan məhrum edib.
Meydan TV