Bloqerin inzibati həbs edildiyi deyilir

tərəfindən Gozetci

Mayın 9-da Azərbaycan Milliyyətçi Demokrat Partiyasının üzvü, bloqer Eyvaz Yahyaoğlunun Şirvanda həbs olunduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna partiyanın funksioneri Qələndar Muxtarlı məlumat verib. Onun sözlərinə görə, E.Yahyaoğlu özü “Şirvan TV” adlı YouTube kanalında Şirvan şəhərində baş verən hüquq pozuntularını ictimailəşdirirdi:

“Orada dövlət əmlaklarının qanunsuz dağıdılması, talanmasını çəkib göstərirdi. Dəfələrlə bununla bağlı ona xəbərdarlıqlar edilib. Sonra isə polis bölməsinə çağırılıb”.

Partiya üzvü deyir ki, elə polis bölməsində onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib:

“Prezident deyir ki…”

“Daha sonra o, Şirvan Şəhər Məhkəməsinin qərarı ilə 28 sutka inzibati qaydada həbs olunub. Eyvaz bəy həmişə Prezident İlham Əliyevin siyasətinə istinadən çəkilişlər edirdi. Prezident deyir ki, eybəcərlikləri çəkin, göstərin. Biz hesab edirdik ki, bu onu qoruyacaq, amma indi güman edirik ki, Prezident İlham Əliyevin adının çəkilməsi də onu xilas edə bilmir”.

Q.Muxtarlının sözlərinə görə, Azərbaycan Milliyyətçi Demokrat Partiyası bu həbsi onun siyasi fəaliyyəti ilə əlaqələndirir: “Biz və ailəsi narahatıq ki, ona qarşı orda başqa iş açıla bilər. Biz onun azad olunmasını tələb edirik”.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Şirvan Şəhər Məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, tənqidi mövqe və dinc siyasi fəaliyyətə görə ölkədə insanlara təzyiqlərin olması ilə bağlı şikayətləri əsaslı saymırlar.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az