Saleh Rüstəmovla bağlı məhkəməyə müraciət olundu

tərəfindən Gozetci

Keçmiş icra başçısı quru aclığa keçmək niyyətindədir

Xalq Cəbhəsinin hakimiyyəti dövründə  (1992-93) Gədəbəyin icra başçısı olmuş, 30 gündür həbsdə aclıq edən Saleh Rüstəmov artıq sudan da imtina etmək niyyətindədir. Bu barədə onun oğlu Sezgin Rüstəmov məlumat verərək bildirib ki, atası bununla bağlı qərarını dekabrın 6-da vəkili ilə görüşündə açıqlayacaq.

“Vəziyyəti ağırdır. Həkimlər bu vəziyyətdə quru aclığa keçərsə, 12 saat ərzində komaya düşəcəyini deyiblər. Yəni quru aclığa başlayan kimi, ya öləcək, ya azad olunacaq”, – Sezgin Rüstəmov bildirib.

Saleh Rüstəmovun vəkilləri Bəhruz Bayramov və Aqil Layıc onun vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə ərizə hazırlayıb. Bu barədə məlumat verən vəkil Aqil Layıc bildirib ki, ərizə dekabrın 6-da ərazi aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə təqdim olunacaq:

“Hüquqi mexanizm olaraq, biz əlimizdən gələni edirik ki, onu həyata və azadlığına qovuşduraq. Onun ciddi xəstəlikləri var, eyni zamanda, böyrək çatışmazlığından da əziyyət çəkir. Məhz bu halları nəzərə alaraq, məhkəmənin onu çəkilməmiş cəzadan azad etməsi üçün heç bir maneə yoxdur. Ümid edirəm bu hüquqi prosedur müsbət qarşılanacaq və o, həm azadlığına, həm də sağlamlığına qovuşacaq”.

Saleh Rüstəmovun durumu ilə əlaqədar Avropa Məhkəməsi Qaydalarının 39-cu maddəsi əsasında, aralıq tədbirlərin görülməsi üçün vəkil Aqil Layıc Avropa Məhkəməsinə də ərizə göndərib. Ərizədə bir aydır həbsdə aclıq edən Saleh Rüstəmovun kliniki koma vəziyyətinə düşmə ehtimalını nəzərə alaraq, onun özəl və müasir avadanlıqlarla təchiz olunmuş başqa bir xəstəxanaya köçürülməsi üçün yardım istənilib. Vəkil bildirib ki, Avropa Məhkəməsi sözügedən ərizəyə dərhal reaksiya verərək, dekabrın 2-də Saleh Rüstəmovun durumu ilə əlaqədar Azərbaycan hökumətinə sorğu göndərib:

“Hökumətə Saleh bəyin səhhətinin son durumu, müalicə üçün texniki şərait və heyət barədə sorğu ünvanlanıb. Hökumət qısa müddətdə sorğuya cavab verməli, Avropa Məhkəməsinin qərarı olarsa, onu icra edib, Saleh Rüstəmovu dərhal xəstəxanaya yerləşdirməlidir”.

Bugünlərdə “Gənc Qazilər” İctimai Birliyi,Gədəbəy rayonundan olan şəhid ailələri, qazilər və müharibə iştirakçıları Saleh Rüstəmovun azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciətlər ünvanlayıblar. Müraciətlərdə Saleh Rüstəmovun Birinci Qarabağ Müharibəsindəki xidmətləri, icra başçısı ola-ola döyüşlərdə iştirakı, Başkənd əməliyyatı kimi Azərbaycan üçün uğurlu olan bir əməliyyata rəhbərlik etməsi yada salınıb.

Saleh Rüstəmov 2018-ci ilin mayında AXCP-yə maliyyə yardımında ittiham edilərək həbs olunub.

O, 1998-ci ildə oğlunun xəstəliyi ilə əlaqədar Rusiyaya gedib və o vaxtdan ailəsilə birlikdə orada yaşayırdı. 2018-ci ilin mayında bacı-qardaşını görmək üçün Azərbaycana gələn sabiq icra başçısı qardaşı və onun ailəsilə maşında gedərkən Şəmkirdə saxlanılıb. Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmova qarşı narkotik ittihamı irəli sürülüb. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. İddiaya görə, Saleh Rüstəmov AXCP-yə 420 min dollar pul göndərib.

Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd edir. Saleh Rüstəmov bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər. Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmovub cəzasını 2 ay azaldıb.

Məhkəmənin hökmündə Saleh Rüstəmovun yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.

Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxıldı.

AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az