Lerikdə bir kənd var, sakinləri çadırda yaşayır

tərəfindən Gozetci

Veri-Əliabad kəndi

Torpaq sürüşməsindən sonra çadıra yerləşdirilən ailələr hökumətə səslənir

“Hökumət gətirib ailələrə çadır qurdu, bununla da işini bitmiş hesab elədi. Yağış yağanda çadır su ilə dolur, çıxıb çöldə yaşayırıq. Çadırın içi quruyur, qayıdır içəri… Qış qapıdadır, biz hələ də çadırdayıq”.

Bunu torpaq sürüşməsi nəticəsində çadıra yerləşdirilən Lerikin Veri-Əliabad kənd sakinləri Meydan TV-yə deyiblər.

2021-ci ilin əvvəlində rayonun ən ucqar dağ kəndlərindən olan Veri-Əliabadda növbəti dəfə torpaq sürüşməsi baş verib. Nəticədə onlarla ev qəzalı vəziyyətə düşüb. Belə evlərdən biri də kənd sakini Ozal Alxasovundur.

O, Meydan TV-yə deyib ki, 10 ay ötməsinə baxmayaraq, ailəsiylə hələ də çadırda yaşayır: “Kəddə 60-dan çox ev var, hamısı qəzalı vəziyyətdədir. Bizim evin aşağı tərəfində baş vermiş sürüşmə nəticəsində 10 metr dərinliyində xəndəklər yaranıb. Evin ətrafı xəndəklərdir. Tikilinin özülü dağılıb, divarlar aralanıb, gəlib baxan dövlət qurumlarının nümayəndələri evdə yaşamağın təhlükəli olduğunu deyib. Biz səs-küy salandan sonra gətirib bizə və daha iki qonşuya çadır qurdular. Söz verdilər ki, tezliklə bizi evlərə yerləşdirəcəklər. 9 aydır ki, çadırda qalmışıq. Getmədiyimiz dövlət qurumu qalmayıb. İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyinin üzərinə yıxır, Fövqəladə Hallar Nazirliyi göndərir İcra Hakimiyyətinin üstünə… İcra Hakimiyyəti deyir ki, sizin problemi həll etmək bizim səlahiyyətimizdə deyil. Deyirlər ki, prezidentə, nazirə yaz… Beləcə, qalmışıq ortalıqda…”

“Bizim evin aşağı tərəfində baş vermiş sürüşmə nəticəsində 10 metr dərinliyində xəndəklər yaranıb”

“Ailənin yarısı çöldə gecələyir”

Ozal Alxasov çadırda yaşamağın çətinliyindən danışır: “Fövqəladə Hallar Nazirliyi bizə çadırdan başqa heç nə verməyib. İki körpəm, ahıl yaşlarında olan valideynlərim, iki bacım, bir qardaşım, həyat yoldaşım və mən kiçik çadırda yaşayırıq. Bu qədər adam bir çadıra yerləşmədiyi üçün ailənin yarısı bütün yayı çöldə yatdı. Çadırdakıların da gözünə yuxu getmədi, çölün düzündə ilan, əqrəb qalmadı çadıra girməsin. Artıq havalar da soyuyub, açıq hava altında yatmaq olmur, biz nə edək?.. Fövqəladə Hallar Nazirliyinin “112 Xidməti”nə hər gün azı on dəfə zəng vururam, artıq zənglərə cavab verən işçilər məni səsimdən tanıyırlar. Əvvəllər heç olmasa deyirdilər ki, Lerik Rayon İcra Hakimiyyətinə müraciət et, indi səsimi eşidən kimi telefonu qapadırlar. Son günlərdəsə elə bil nömrəmi bloklayıblar, daha zəng vurub düşə bilmirəm”.

Kənd sakini Solmaz Orucova deyir ki, torpaq sürüşməsi hələ də davam edir: “Bu sürüşmə indinin işi deyil, 2 ildir ki, kəndin torpağı üzü çaya tərəf sürüşə-sürüşə gedir… Ailəm 11 nəfərdən ibarətdir, hamımızı bir çadıra yığıblar. Qarşıdan qar gəlir, çovğun gəlir, necə edək? Bizə ev versinlər, yoxsa uşaqlarımız bu qışdan salamat çıxmaz. Körpə uşaq, ahıl yaşında qadın qışı çadırda qala bilərmi? Şaxtada, çovğunda yaza sağ çıxmarıq. Uşağı çadırdan məktəbə göndərdik. Nə çantası var, nə dəftəri… Kasıb ailəyik, uşağa çanta ala bilmirik, ancaq, deyəsə, “dövlət baba” gözləyir ki, ev şəraitimizi özümüz quraq…”

Ozal Alxasov

“Yağış suları çadıra dolur”

Kənd sakini Fəridə Əhmədova da eyni problemlə üzləşdiyini deyib.

Onun sözlərinə görə, 2003-cü ildə əziyyətlə tikdikləri ev qəzalı vəziyyətə düşdüyündən 10 aydır ki, çadırda yaşayırlar: “Dövlət qurumlarından gəlib dedilər ki, evin bünövrəsi boşda qalıb, ev hər an dağıla bilər. Bizə məsləhət gördülər ki, müvəqqəti çadır qurulsun, ora köçək. Bir boş çadır veriblər, çıxıb gediblər. O gün-bu gün, çadırda qalırıq. Çadırda dəfələrlə ilan öldürmüşük. Rütubətdir, yağış yağanda su çadırın üstünə dolur, sonra da içəri süzülür, məcbur qalıb çadırı tərk edirik. Həyat yoldaşımın 56 yaşı var, xəstədir. Bundan sonra ev tikməyə gücümüz, imkanımız yoxdur. İstədiyimiz odur ki, şaxta, boran düşməmiş bizi evlərə yerləşdirsinlər”.

Fəridə Əhmədova

Lerik Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, bu ilin yanvarında baş vermiş torpaq sürüşməsinə görə komissiya yaradılıb və qəzalı evlər siyahıya alınıb: “Fövqəladə Hallar Nazirliyi üç ailəni çadıra yerləşdirib, digər ailələr isə öz evində yaşayır. Təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşmüş tikililərin təmir-bərpası işləri Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə daxildir”.

İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin şikayətləri ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məktub göndərilib: “Bu məsələ diqqətimizdədir, ancaq sakinlərin dediyi kimi, torpaq sürüşməsi nəticəsində 60 yox, 10 ev qəzalı tikili kimi siyahıya alınıb. Aidiyyəti qurumlarla əlaqədəyik, problemin tezliklə həll olunmasına çalışrııq”.

2003-cü ildə əziyyətlə tikdikləri ev qəzalı vəziyyətə düşdüyündən 10 aydır ki, çadırda yaşayırlar

İlin əvvəli Veri-Əliabadda baş vermiş təbii fəlakətə səbəb qarın əriməsi olub. Həmin vaxt rəsmi qurumlar bildirirdilər ki, qar əriməsi nəticəsində yaranan su kütləsi torpaq laylarının altına axıb, bu da torpaq qatlarında sürüşmələrə səbəb olub.

Dəniz səviyyəsindən təxminən 1600 metr hündürlükdə yerləşən Veri-Əliabad kəndində sürüşmə zonası əsasən kəndin ərazisindən axan çay boyunca 1 kilometr uzunluqda ərazini əhatə edib.

Veri-Əliabad kəndinin 900 nəfərə yaxın sakini var. Əhalinin əsas məşğuliyyəti təsərrüfat işləridir. Ancaq təbii fəlakətin yaratdığı fəsadlar kəndlilərə təsərrüfatla məşğul olmağa da imkan vermir.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az