Eldar Həsənov: Möhtərəm hakim, əlinizi qana bulamayın…

tərəfindən Gozetci

Keçmiş səfir Rumıniyada Heydər Əliyev parkındakı işlərdən danışdı

Keçmiş Baş prokuror, 20 ilə yaxın müxtəlif ölkələrdə Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri işləmiş Eldar Həsənovun məhkəməsi davam edir. O, 1 il 1 aydır həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən prosesdə təqsirləndirilən şəxsin dindirilmə mərhələsidir. Eldar Həsənovun səhhəti tez-tez pisləşdiyinə görə məhkəmə də bir neçə dəfə təxirə salınıb. Bu səbəbdən onun ifadəsi bir neçə iclasdır ki, davam edir.

Sentyabrın 20-də hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən prosesdə Eldar Həsənov ifadəsinə ötən məhkəmə iclaslarında baş verənləri yada salmaqla başlayıb:

“Sentyabrın 13-də məhkəmə prosesində səhhətim pisləşəndə 1 saat 40 dəqiqə təcili yardım gözlədim. Ayın 17-də isə lap biabırçı vəziyyət yarandı. Bakı Ağır Cinayətlər Məhkəməsində məni həkimin müayinə etməsi üçün bir otaq tapılmadı. Mənə antisanitariya şəraitində, biabırçı halda – həyətdə, camaatın, məhkumların gözü qarşısında tibbi yardım göstərdilər. Məni həmin antisanitariya şəraitində süni nəfəs aparatına qoşdular. Mənə qarşı bu münasibət nə ədalətə, nə insanlığa sığır”.

Sabiq Baş prokuror vurğulayıb ki, 90-cı illərin əvvəllərində Birinci Qarabağ Müharibəsində Qazaxdan Naxçıvana qədər müharibənin iştirakçısı olub. Uzun müddət rəhbər vəzifələrdə işlədiyini deyən Eldar Həsənov Azərbaycan dövlətinə və dövlətçiliyinə vicdanıyla xidmət etdiyini bildirib: “Bu idimi mənə olan qarşılıq?”

Onun işi üzrə məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyevi hələ vəkil kimi fəaliyyət göstərdiyi vaxtlardan tanıdığını deyən keçmiş səfir ona çağırış edib: “Mən sizi ədalətli və insaflı vəkil kimi tanımışam. Sizi hakim kimi görməmişdim. Çünki uzun müddət Bakıda olmadığıma görə sizin hakimlik fəaliyyətinizdən də xəbərim olmayıb. Amma vəkil kimi, haqq-ədalət davası aparan bir insan olaraq tanımışam. Elə ona görə də deyirəm ki, hörmətli sədr, möhtərəm hakim, əlinizi qana bulamayın. Bir az məhkəmə ədalətini də yadınıza salın. Mənim fiziki məhvimə qərar verilib. İstəmirəm ki, mənim məhkəməm Kafkanın “Məhkəmə” əsərindəki kimi olsun.

Məhkəmə prosesi başlayandan siz dövlət ittihamçısının sifarişi və diqtəsilə hərəkət edirsiniz. Prokurorun diqtəsilə bütün vəsatətlərimizi rədd etdiniz. Mənim müdafiəmlə bağlı heç bir vəsatəti təmin etmədiniz. Hanı sizin məhkəmə ədalətiniz?”

Ona qarşı irəli sürülmüş hər bir ittiham epizodu üzrə ayrı-ayrılıqda danışan keçmiş səfir Serbiyada baş vermiş bir olayı yada salıb. Onun sözlərinə görə, Azərbaycanın Serbiyadakı səfirliyinin hasarına nalayiq, qeyri-etik ifadələr yazılmışdı. Bununla bağlı dərhal Azərbaycana məlumat verib, aparılan araşdırmalar nəticəsində həmin yazını divara 12-13 yaşlı uşaqların yazdığı məlum olub: “Biz həmin məsələnin dərinliyinə getdik. Məlum oldu ki, onu elətdirən, bu işin arxasında dayanan Yazıçılar Birliyi sədrinin erməni müavini olub…”

Məhkəmədə Eldar Həsənovun durumu pisləşdiyinə görə fasilə verilib. Fasilədən sonra o, Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasına üzünü tutaraq, məhkəmə prosesinin qısa müddətdə yekunlaşdırılmasını istəyib:

“İstəyirəm ki, məhkəmə prosesi tez başa çatsın, mən də cəzamı alım, çıxım gedim…”

Eldar Həsənov 11 ilə yaxın Azərbaycanın Rumıniyada səfiri olub. Paytaxt Buxarestdə salınan Heydər Əliyev parkı haqda danışan sabiq səfir bildirib ki, sözügedən parkın təmirini səfirlik həyata keçirməyib:

“Parkın təmirini aparan şirkəti şəhər meriyası seçmişdi. Orada təmir-tikintiyə meriya baxırdı. Tikinti-bərpa işlərinə nəzarət isə Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi komissiyasının səlahiyyətində idi. Abadlaşdırma işini aparan şirkətin təhvil-təslim aktı yox, meriyanın parkı təhvil almasına dair akt yox, amma müstəntiq iddia edir ki, burada yeyinti faktı aşkarlayıb. Hansı əsasla, necə – bilinmir…”

Eldar Həsənov bildirib ki, səhhəti ifadəsini davam etdirməyə imkan vermir.

Bu səbəbdən məhkəmə prosesi sentyabrın 24-nə qədər təxirə salınıb.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Keçmiş səfir bu ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az