Elşad Hacıyev: “Nurlan Libre və Rüstəm İsmayılbəyli saxlanılmayıb, Əhməd Məmmədli barədə məlumat veriləcək”
Fevralın 1-də Tələbə Güc Mərkəzinin sədri Əhməd Məmmədlinin Lənkəran Dövlət Universiteti (LDU) qarşısında aksiya edərkən saxlanıldığı bildirilir.
Onun aksiya keçirməsinə səbəb LDU tələbələrinin imtahan qiymətlərinə etirazına dəstək məqsədilə olub.
Bildirilir ki, Tələbə Güc Mərkəzinə Lənkəran Dövlət Universiteti tələbələrindən kütləvi şikayət daxil olub.
Şikayətlər imtahanlar və tələbələrin topladıqları ballarla əlaqədar imiş.
Tələbələrin Meydan TV-yə verdiyi məlumata görə, müəllimlər imtahanlardan yüksək bal aldıqlarını bildirsələr də, yekunda universitetin elan etdiyi ballar xeyli aşağı olub.
Universitet tələbələri obyektiv və ədalətli apelyasiya baxışı keçirilməsini tələb ediblər.
Tələbə Güc Mərkəzi LDU rəhbərliyi ilə əlaqə saxlasa da, universitet rəhbərliyi onlara: “Sizə hesabat vermək məcburiyyətində deyilik, necə edəcəyimizi özümüz bilərik” – deyə, cavab verib.
Bundan sonra Tələbə Güc Mərkəzinin sədri LDU qarşısında aksiya keçirməyə cəhd edib, lakin ona bəyanat səsləndirməyə imkan verilməyib.
Tələbələrin bildirməsinə görə, Ə.Məmmədli polis tərəfindən saxlanılaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparılıb.
Fevralın 2-də isə məlumat yayılıb ki, səhər saatlarında Əhməd Məmmədlinin işini aydınlaşdırmaq üçün Lənkərana getmiş vətəndaş jurnalistikası ilə məşğul olan Nurlan Qəhrəmanov (Libre), ictimai fəal Rüstəm İsmayılbəyli və tələbə Samir Axundov Lənkəran polisi tərəfindən saxlanılıb.
Lənkəran Şəhər Polis İdarəsindən məlumatı təkzib ediblər. Kimsəni saxlamadıqlarını söyləyiblər: “Daha artıq məlumat verə bilmərik. Bunun üçün Daxili İşlər nazirliyinə müraciət edin”.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Meydan TV-yə bildirib ki, Nurlan Libre və Rüstəm İsmayılbəyli saxlanılmayıb, onlar sərbəstdir.
Əhməd Məmmədlinin harada olmasına gəlincə, Elşad Hacıyev bu barədə məlumatının olmadığını söyləyib. O deyib ki, məsələ araşdırılır, məlumat alan kimi açıqlama veriləcək.