Vəkil Fuad Qəhrəmanlının səhhətinin “yaxşı” olduğunu desə də, ailəsi narahatdır

tərəfindən Gozetci

[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin həbsdə olan üzvü Fuad Qəhrəmanlının səhhəti ilə bağlı ailəsinin narahatlığı qalmaqda davam edir.

Bu barədə hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Fuad Qəhrəmanlının ailəsindən Amerikanın Səsinə bildiriblər.

Fuad Qəhrəmanlı iyulun 14-dən 15-nə keçən gecə Qarabağa dəstək yürüşündə baş verənlərə (bir qrup şəxsin parlamentin binasına girişi, polis maşınının aşırılması) görə başlanmış cinayət işi üzrə istintaqa iyulun 23-də cəlb olunub, barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər), 186-cı (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

AXCP Fuad Qəhrəmanlı aksiyada iştirak etmədiyini, aksiyanın təşkilində hər hansə rolunun olmadığını bildirib. Partiya fəallarının həbsini `siyasi sifariş və absurd` hesab edir.

Ailə üzvü bildirib ki, son dəfə, ötən həftənin sonunda əvvəlkilərdən fərqli olaraq Fuad Qəhrəmanlının kirli paltarlarını, ərzaq apadıqları qab-qacağı geri qaytarıblar.

“Amma, onun səhhəti ilə bağlı hələ də narahtıq. Səhhəti ilə bağlı hər hansı məlumat ala bilmirik. Evə indiyədək cəmi bir dəfə zəng edib, onunla görüşümüzə icazə vermirlər,” Fuad Qəhrəmanlının ailə üzvü deyib.

Bununla yanaşı, Fuad Qəhrəmanlının hüquqlarını müdafiə edən dövlət tərəfindən təyin edilmiş vəkil Araz Həsənov Amerikanın Səsinə bildirib ki, Qəhrəmanlının səhhətində hər hansı problem yoxdur.

“Beş gün bundan qabaq Fuad Qəhrəmanlı ilə görüşmüşəm. Vəziyyəti yaxşıdır, çox yaxşıdır. Səhhəti ilə bağlı heç bir şikayəti yoxdur. Ailəsi ilə telefonla danışır,” vəkil Həsənov qeyd edib.

Onun sözlərinə görə, hazırda istintaq araşdırmaları davam etdirilir.

Öz növbəsində, Penitensiar Xidmətdən ailənin dediklərinə münasibət öyrənməyə cəhd etsək də mümkün olmayıb.

Xatırladaq ki, Fuad Qəhrəmanlı buna qədər 2 dəfə uzunmüddətli həbsə məhkum edilib, bir neçə dəfə inzibati qaydada sutkalıq cəzalar alıb.

O, sonuncu dəfə uzunmüddətli həbsə 2015-ci ildə 6 nəfərin ölümü ilə nəticələnən Nardaran hadisələri ilə bağlı yazdığı statuslara görə məhkum edilmişdi. .

Qəhrəmanlı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham edilərək 10 il azadlıqdan məhrum edilmişdi.

2019-cu il martın 16-da əfv sərəncamı ilə azadlığa çıxan Fuad Qəhrəmanlı ittihamları qəbul etmirdi.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 48 nəfər fəalı həbs edilib.

“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 18 nəfər inzibati qaydada həbs edilib. 1 nəfər ev dustaqlığındadır. 12 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvüöncədən siyasi məhbusdur. Beləliklə, hazırda AXCP-nin 43 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az