Nardaran məhbusu: ‘Bilin ki, ağzımı tikib aclıq eləyirəm…’

tərəfindən Gozetci

[:az]

Beş il öncə Nardaran hadisələrində 18 yaşında həbs olunan Cahad Babakişizadənin Qobustandakı qapalı həbsxanada aclıq aksiyası keçirdiyi və ağzını tikdiyi bildirilir. Bu barədə, Azadlıq Radiosuna onun ailə üzvləri məlumat verib. Yaxınları iddia edir ki, Cahad Babakişizadə həbsxana rəhbərliyinin ona və digər məhkumlara qarşı alçaldıcı davranışlarına və işgəncələrə etiraz olaraq, bu addımı atıb.

Ailə üzvlərinin bildirdiyinə görə, Cahad Babakişizadə sonuncu dəfə onlarla avqustun 26-da telefonla danışıb. Heç bir əsas olmadan cərimə kamerasına (kars) salındığını deyən Cahad ailəsini xəbərdar edib ki, aclığa başlayacaq, ağzını tikəcək.

“Deyir ki, həbsxana rəhbərliyi məhbuslarla qul kimi davranır”

“Əgər telefon danışığı kəsilsə, bilin ki, ağzımı tikib aclıq eləmişəm. Səbəb də budur ki, həbsxana rəhbərliyinin özbaşınalığı məni cana-boğaza yığıb. Əlimdən də başqa bir şey gəlmir. O qədər özbaşınalıq eləyirlər, artıq pik həddədir. Məni heç nədən karsa salıblar…”, – Cahad Babakişizadə telefonda ailəsinə belə deyib.

Karsa salınması haqda danışanda isə danışığın kəsildiyi deyilir. Yaxınları bildirib ki, bu danışıqdan iki gün sonra həbsxanadakı başqa bir şəxs vasitəsilə Cahadın aclıq etdiyini, ağzını tikdiyini öyrəniblər: “Deyir ki, həbsxana rəhbərliyi məhbuslarla qul kimi davranır. İstədiyi vaxt cəzalandırır, işgəncə verir. Nə qayda, nə qanun var. Adamların ləyaqətini alçaldırlar, işgəncə verirlər…”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Azadlıq Radiosunun Qobustan həbsxanasında Cahad Babakişizadənin ağzını tikib aclıq etməsi barədə sualına belə cavab verib: “Əgər həmin məhkumun yaxınları hesab edirsə ki, ona qarşı hansısa qanuna zidd hərəkət var, rəsmi şəkildə Penitensiar Xidmətə müraciət etsinlər, onların müraciəti araşdırılsın”.

Penitensiar Xidmət tabeliyində olan həbs yerlərində saxlanılan şəxslərə qarşı işgəncə, alçaldıcı davranış barədə iddiaları da rədd edir.

Cahad Babakişizadənin ailəsindən isə bildirilib ki, avqustun 29-30-u qeyri-iş günləri olduğuna görə, atası və qardaşı bu gün (31 avqust-red.) Penitensiar Xidmətin səlahiyyətli şəxslərinin qəbuluna gedib: “Getdilər ki, Mirsaleh Seyidovun (Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi) qəbuluna düşsünlər”[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az