[:az]Vəkil: “Ləyaqəti alçaldan psixoloji təzyiqlər edilib”
Milli Şuranın 19 oktyabr mitinqindən öncə həbs olunan siyasi fəallardan biri də AXCP sədri Əli Kərimlinin sürücüsü Paşa Umudov idi. Digərləri inzibati qaydada (15 gündən 60 günə qədər) həbs olunsalar da, P.Umudovun barəsində cinayət işi başlanmış, ona qarşı Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik maddə əldə etmə, saxlama) maddəsilə ittiham irəli sürülmüşdü. Onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb.
Martın 5-də Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyilə P.Umudovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmədə P.Umudovun vəkili Zibeydə Sadıqova onun barəsində cinayət işinə xitam verilməsini istəyib. Bildirib ki, onun əməlində cinayət tərkibi yoxdur.
Vəkil yada salıb ki, P.Umudov bundan əvvəl də keçirilən mitinqlər öncəsi İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə cəzalandırılıb. P.Umudovun vəkilinə dediyinə görə, o zaman ona xəbərdarlıq edilib ki, əgər siyasi fəaliyyətdən əl çəkməsə, növbəti dəfə uzunmüddətli həbsə göndəriləcək.
P.Umudov saxlanılarkən hüquqlarının pozulduğunu vurğulayan vəkilin sözlərinə görə, bu haqda ailəsinə məlumat verilməyib, özünün istədiyi vəkillə təmin olunmayıb. Yaxınları Daxili İşlər Nazirliyinin 102 xidmətinə ardıcıl zənglərdən sonra onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığını öyrəniblər. P.Umudov müdafiəçisinə onu da deyib ki, ona dövlət hesabına təyin edilən vəkil formal olub, vəkillik eləməyib.
P.Umudov bildirib ki, o vəkili bir dəfə idarədə dəhlizdə görüb, ikinci dəfə də cibinə narkotik atılıb çıxarılanda. İş materiallarında olan etiraf ərizəsinə gəlincə, Z.Sadıqova xatırladıb ki, bu ərizə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yazılıb. Bu idarədəki mühit barədə də təkcə Azərbaycan cəmiyyəti yox, beynəlxalq təşkilatlar da məlumatlıdır. Bəzi təşkilatların hesabatlarında bu idarə “işgəncə, vahimə yuvası” kimi təqdim olunur.
İdarədə P.Umudova qarşı təzyqlərdən danışan vəkil bildirib ki, onu saatlarla ayaqüstə, üzüdivara saxlayıblar. Bu zaman arxada dayanan polis əməkdaşı beyzbol cubuğuyla mütəmadi öz əlinə, yerə vurub, onu təzyiq altında saxlayıb. P.Umudova qarşı ləyaqəti alçaldan, psixoloji işgəncələrin olduğunu deyən vəkil vurğulayıb ki, ondan etiraf ərizəsi də bu şəraitdə alınıb, video da belə çəkilib: “Paşa Umudovun dediyinə görə, 6-7 dəfə videonu yenidən çəkiblər. Çünki inandırıcı olmurmuş. Videoda Əli Kərimlinin sürücüsü olması məsələsinin deyilməsini xüsusi tapşırıblar”.
Vəkil istintaq dövründə müvəkkilinin ev dustaqlığına buraxılması üçün 8 dəfə məhkəməyə vəsatət verdiklərini, heç birinin təmin olunmadığını söyləyir. Ev dustaqlığıyla bağlı daha bir vəsatəti də martın 5-də qaldırıb:
“Həyat yoldaşı xəstədi, özünün əməliyyata ehtiyacı var. Heç yerə getmək fikri yoxdur. Bəraət almaq üçün sonadək hüquqi müstəvidə mübarizə aparacağıq”.
Z.Sadıqovanın daha bir vəsatəti müvəkkilinin şüşə kabinədən çıxarılıb yanında əyləşməsi haqda olub. Lakin nə ev dustaqlığı, nə də şüşə kabinədən çıxarılma vəsatəti təmin olunub.
“Cinayət işinin materiallarından görünür ki, 7 saat ərzində 20 istintaq hərəkəti aparılıb. Bu da mümkün deyil. O sənədlərin sübutlar siyahısından çıxarılmasını, dövlət hesabına vəkil təyin olunmuş Ramiz Mirzəyevin şahid kimi dindirilməsini xahiş edirik. Çünki Paşa Umudov israrla bildirir ki, o vəkil istintaq hərəkətlərində iştirak etməyib. Paşa Umudovu tutan polislər İbrahim Kazımov, Rəşad Verdiyev, Mehman Teymurovun adı başqa qalmaqallı, siyasi işlərdə də keçir”, – deyə vəkil bildirib.
İş materiallarında ekspertiza rəyi var. Orada iddia olunur ki, P.Umudovun qan və sidik analizlərində narkotik maddə aşkarlanıb. Z.Sadıqova deyir ki, onlar istintaqda təkrar ekspertiza tələb ediblər, lakin təmin olunmayıb:
“Paşa Umudovun Bayram Heydərovla ədavəti olub. Bu adamın şahid ifadəsini sübut kimi qəbul etmək olmaz. Yaxud Yaşar adlı adamın adı hallanır, amma o adam dindirilməyib. Paşa Umudovun saxlandığı çayxananın qarşısında adamlar olub. O adamların dindirilməsi, ərazidəki kameraların videogörüntülərinə baxış keçirilməsini xahiş edirik. Onun üzərindən üç bükümdə narkotik tapıldığı iddia olunur, amma əl-barmaq izləri götürülməyib. Bilinmir ki, onların üzərində Paşa Umudovun əl izləri var, yoxsa yox. Daha bir xahişimiz budur ki, bütün bu qanun pozuntularına görə müstəntiq barəsində xüsusi qərar çıxarılsın”.
Məhkəmə heç bir vəsatəti qəbul etməyib. Proses martın 16-dək təxirə salınıb.
Meydan TV[:]