[:az]Yanvarın 16-da Bakının “Sovetski” deyilən ərazisində yaşayan 24 ailənin elektrik və suyunun kəsildiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna yerli sakinlər məlumat verib.
Onların sözlərinə görə, saat 16.00 radələrində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) nümayəndələri əraziyə gələrək sakinlərin suyunun və işığın kəsilməsi tapşırığını veriblər:
“Təzəpir” məscidin yanında yaşayırıq. 24 ailə, yəni təxminən 100-ə yaxın şəxs bu soyuqda donur. Körpə uşaqlarımız var. Hamısı soyuqdan donub öləcək…”
Onların vurğulamasına görə, ərazidə qaz da yoxdur.
Sakinlər habelə bildiriblər ki, onları ərazidən köçürmək istəyirlər:
“Biz isə razılaşmırıq. Çünki mənzillərimizin yaşayış sahəsi balacadır və dövlət tərəfindən təyin olinmuş kompensasiya bəs etmir. Təklif edildiyi pulla biz özümüzə ev ala bilmərik. Bizim hüquqlarımız kobud şəkildə pozulur”.
Amma onlar mənzillərinin hər kvadratmetrinə nə qədər təklif edildiyini söyləməyiblər.
Sakinlər həmçinin bildiriblər ki, suyun və elektrikin kəsilməsinə etiraz olaraq aksiya keçirmək niyyətindədirlər.
Bütün bu deyilənlərə, hələlik, Bakı Şəhər İcra Hakimiyyəti və başqa aidiyyatı qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
Bakının “Sovetski” deyilən ərazisinin sökülməsinə 2014-cü ildə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri sakinlərlə bir çox hallarda əldə edilmiş razılığa əsasən satın alınıb, sökülüb.
İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə etdiyi qeyd olunur.
Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə (hər kvadrata 1500 manat ödənilirdi) razılaşmayan, söküntüyə müqavimət göstərən ailələr də olub. Onlar müxtəlif dövrlərdə aksiyalar da keçiriblər.
Bununla bağlı bir sıra şikayətlər hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.
Azadlıq Radiosu[:]