[:az]Avropa Məhkəməsi QHT-lərin işi ilə bağlı kommunikasiyaya başlayıb[:]

tərəfindən Gozetci

[:az]Şikayətlərdən ikisi AİHM-ə (İREX və RATİ) 2015-ci ildə göndərilib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (İREX), Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) və Rahim Vəliyevin şikayətini araşdırmağa başlayıb.

Bu barədə məlumatı məhkəmənin saytı yayıb.

Məlumatda bildirilir ki, araşdırılan şikayətlər yerli və xarici QHT-lərin ofisində axtarış aparılması, götürmə həyata keçirilməsi, habelə vətəndaş cəmiyyəti fəallarının axtarışa məruz qalması ilə bağlıdır.

Şikayətlərdən ikisi AİHM-ə (İREX və RATİ) 2015-ci ildə göndərilib. Şikayətlərdə bu təşkilatların ofisində axtarış aparlmasının, avadanlıqların, təşkilatın sənədlərinin götürülməsinin qanunsuz olması iddia olunur.

RATİ-nin işində vurğulanır ki, dövlət bütün bu prosesləri reallaşdırarkən Konvensiyanın 6-cı (ədalətli məhkəmə), 8-ci (şəxsi və ailə həyatına hörmət), 11-ci (toplaşmaq)və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrini və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsini pozub.

İREX-in işində isə Konvensiyanın 6, 8, 18-ci, eləcə də mülkiyyət hüququnun pozuntusu mübahisələndirilir.

Kommunikasiya edilən 3-cü şikayəti vətəndaş cəmiyyəti fəalı Rahim Vəliyev göndərib. O, axtarışa məruz qalması, kompüterinin, telefonunun götürülməsinin qanunsuzuluğundan şikayət edib.

Rahim Vəliyev ədalətli məhkəmə, şəxsi və ailə həyatına hörmət, ifadə azadlığı, mülkiyyət hüquqlarına müdaxilə olunduğunu iddia edir.

AİHM hər 3 işlə bağlı hökumətə suallar göndərib.

Noyabrın 7-də isə AİHM Azərbaycandan göndərilmiş daha bir şikayət üzrə qərarını elan edəcək. Söhbət ReAL Partiyasının idarə heyətinin üzvü Natiq Cəfərlinin şikayətindən gedir.

Şikayət 2014-cü ilin aprelində Natiq Cəfərliyə cinayət işi açılması, hüquq-mühafizə qurumlarında dəfələrlə sorğu-sual edilməsi, 2016-cı ilin avqustunda həbs olunması ilə bağlıdır. Həmin vaxt ona qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətləri üzrə ittiham irəli sürülmüş, məhkəməyə qədər 4 aylıq həbs edilmişdi. Rəsmi ittihamda iddia edilirdi ki, o, ABŞ-ın Demokratiya Milli Dəstək Fondundan (NED) aldığı fərdi qrantın qanuni qeydiyyat prosedurlarını pozub, Ədliyyə Nazirliyinə bəyan etməyib.

Natiq Cəfərli həmin il sentyabrın 9-a kimi həbsdə tutulub, həmin tarixdə prokurorun müraciəti əsasında azadlığa buraxılıb.

O, AİHM-ə şikayətində iddia edib ki, ona cinayət işi açılması kontekstində baş verən proseslərdə Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq), 5-ci (azadlıq və toxunlumazlıq), 11-ci (birləşmək), və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri ilə təminat altına alınan hüquqlarına müdaxilə olunub.

Şikayət hökumətlə 2018-ci ilin martında kommunikasiya edilib.

Son 4 il ərzində xeyli beynəlxalq və yerli QHT-lərin Azərbaycandakı fəaliyyəti məhdudlaşdırıldı. Eləcə də 16 illik fəaliyyətdən sonra Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (IREX) Bakı nümayəndəliyini bağladı.

IREX 1998-ci ildən bəri fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda təhsilə, medianın inkişafına, internet infrastrukturunun genişlənməsinə dəstək olub. Bununla bağlı müxtəlif dövlət və hökumət, eləcə də kommersiya və qeyri-kommersiya qurumları ilə sıx əməkdaşlıq edib.

Bağlanan təşkilatlar sırasında Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) da var. RATİ-nin ofisində əvvəlcə axtarış aparıldı, kompüterlər, disklər və digər texniki avadanlıqları götürüldü, sonra da qapısı möhürləndi.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az