[:az]«Müsəlman Birliyi» Hərəkatının koordinatoru Əhsən Nuruzadə mayın 2-də yenidən məhkəmə önünə çıxarılıb. Bakı Apellyasiya Məhkəməsində onun 7 il azadlıqdan məhrum edilməsinə dair hökmdən verilmiş şikayətə baxılır.
Məhkəmədə dindar fəalın vəkili Fariz Namazlı onun qərar bəlli olana qədər ev dustaqlığına buraxılması və apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla (sübutların araşdırılması, şahidlərin dindirilməsi və s.) baxılması barədə vəsatətlər qaldırıb. Vəkil deyib ki, Ə.Nuruzadənin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılanda müdafiə tərəfinin qaldırdığı vəsatətlərin heç biri təmin olunmayıb:
«Biz «bandotdel»də Əhsənin döyülməsində adı hallanan Rüstəm Səfərovun dindirilməsini istəmişdik, çağırıb dindirmədilər. Təhqiqatçını şahid qismində dindirib, onun ifadəsini sübut kimi götürüblər. Halbuki, təhqiqatçı apardığı işə görə dindirilə bilməz. Yalnız səhvə yol verdiyi halda həmin pozuntu ilə əlaqədar dindirilə bilər. Onun ifadəsinin sübutlar siyahısından çıxarılmasını istəmişdik. Onu da eləmədilər. Əhsən Nuruzadəyə narkotik satışı ittihamı veriblər, heç bir mötəbər sübut da yoxdur. Yeganə sübutları da ancaq özlərinə məlum olan əməliyyat məlumatıdır. Bu məlumatı kim verib, necə verib, nəyə əsaslanıb – bütün bunlar araşdırılmalıdır».
Mirpaşa Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası müdafiəçinin vəsatətlərinin heç birini təmin etməyib. Məhkəmə baxışı mayın 23-nə təyin edilib.
Ə.Nuruzadə oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.
Amma dindar fəal ittihamı rədd edir, narkotikin cibinə idarədə elə polis tərəfindən atıldığını bildirir.
Ə.Nuruzadə bundan öncə də iki dəfə – 19 yanvar və 24 sentyabrda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, günlərlə onun yaxınlarına yeri haqda heç bir məlumat verilməyib, ardınca da hər dəfə 10 sutka inzibati həbs cəzası verilməsi haqda danışıb. Hər iki məhkəmə qərarında da inzibati həbsin səbəbi eyni göstərilib – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçəndə telefonla danışarkən söyüş söymək, onu intizama dəvət edən polislərə tabe olmamaq.[:]