[:az]Müxalifətin şənbə mitinqinin iştirakçıları növbədənkənar prezident seçkilərinin saxtalaşdırıldığını bəyan edərək nəticələrin ləğvini tələb ediblər.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimli hakimiyyətin növbəti dəfə seçkiləri saxtalaşdırdığını bildirib.
Lakin onun fikrincə, seçkilərin saxtalaşdırılması bütün dünyada ifşa edilib, çünki beynəlxalq təşkilatlar bundan danışır, aparıcı xarici KİV yazır.
“Hakimiyyət adəti üzrə bugünkü mitinqi də pozmaq üçün hər şeyi etdi. AXCP-nin 8 üzvü inzibati qayda həbs edilib, yüzlərlə fəal polisə çağırılıb, hədələrə məruz qalıb. Ancaq buna baxmayaraq, vətəndaşların aksiyada iştirakının qarşısını ala bilmədi”, -Ə.Kərimli bildirib.
Müsavat Partiyasının lideri Arif Hacılı növbədənkənar seçkiləri “seçkisiz seçki” adlandırıb.
“Növbədənkənar seçkilərin təyinatının səbəbləri xalqa açıqlanmadı, nə seçki kampaniyası vaxtı, nə də sonra. Demokratik seçkilər üçün şərtlərin heç birinə əməl olunmadı. Çünki ATƏT nümayəndələri bildirdilər ki, seçkilərin taleyi təkcə seçki günü həll olunmur. Ölkədə demokratik mühit olmayıb. Azərbaycanda 150 siyasi məhbus var. Teleradio hakimiyyətin nəzarəti altındadır. Partiyaların bərabərhüquqlu mübarizə aparmaq imkanları yoxdur. Toplaşma azadlığı məhdudlaşdırılır”, – A.Hacılı qeyd edib.
Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli seçkiləri “məzhəkə” adlandırıb, çünki alternativsiz olub.
Onun fikrincə, ATƏT, AŞPA və ATƏT PA nümayəndələrinin iştirakı ilə müşahidəçi missiyasının rəyi seçkilərin saxtalaşdırılmasını təsdiq etdi.
Beləliklə, “hakimiyyət cinayət başında yaxalandı”, – C.Həsənli qeyd edib. Çünki hakimiyyətin qəsb edilməsi xalqa qarşı ağır cinayətdir.
O, seçkilərin nəticələrinin ləğvini, saxtalaşdırmada iştirak edən bütün seçki komissiyalarının buraxılmasını və yeni demokratik seçkilərin keçirilməsi üçün şəraitin yaradılmasını tələb edib.
Həmin tələblər mitinqin qətnaməsində də irəli sürülüb. Sənəd müəllifləri bildiriblər ki, azad seçkilər keçirilməyənə qədər müxalifətin mübarizəsi davam edəcək.
Mitinq iştirakçıları “Azadlıq!”, “İstefa!”, “İlham, get!” şüarlarını səsləndiriblər və rəmzi olaraq “qırmızı kart” göstəriblər.
Aksiyada bir neçə min adam iştirak edib.
Paytaxt polisi mitinq iştirakçılarının sayının1000 nəfər olduğunu bildirib.
Polisin məlumatına görə, ciddi qanun pozuntusu qeydə alınmayıb.
Müxalifət seçkilərin saxtalaşdırılmasına etiraz olaraq mitinq keçirir
Saat 15:00-da Yasamal rayonundakı “Məhsul” stadionunda Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının mitinqi başlayıb.
Aksiya iştirakçıları 11 aprel prezident seçkilərinin saxtalaşdırılmasına etiraz edirlər. Mitinqçilər əllərində Azərbaycanın bayrağını, siyasi məhbusların fotolarını və avtoritar rejimi pisləyən siyasi şüarlar tutublar.[:]