[:az]Taleh Bağırov: ‘İşimə Prezident Administrasiyasında baxılsın…'[:]

tərəfindən Gozetci

[:az]«Mənim işimə məhkəmələrdə yox, Prezident Administrasiyasında baxılmalıdır. Başda İlham Əliyev, sağ-solunda da Fuad Ələsgərovla Əli Həsənov…», – ilahiyyatçı Taleh Bağırov belə deyir.

O, aprelin 16-da yenidən məhkəmə qarşısına çıxarılıb. Bakı Apellyasiya Məhkəməsində onun 20 illik cəzasının daha beş ay artırılması barədə hökmdən verilən şikayətə baxılır. İlkin baxış iclasında T.Bağırov deyib ki, işinə məhkəmələrdə baxılmasına etiraz edir. Çünki onun həbsi də, verilən ittihamlar da hüquqi deyil, siyasidir: «Mən şəxsən (prezident) İlham Əliyevin sifarişi ilə həbs olunmuşam. Ona görə də mənim işimə birbaşa Prezident Administrasiyası baxmalıdır. Başda İlham Əliyev, sağ-solunda da (prezidentin köməkçisi) Əli Həsənovla (PA-da şöbə müdiri) Fuad Ələsgərov. İclas katibi (PA rəhbəri) Ramiz Mehdiyev, prokuror da Zakir Qaralov olmalıdır…».

Hakim T.Bağırova ittihama aidiyyəti olmayan məsələlərdən danışdığını söyləyərək, ona irad tutub.

T.Bağırov bu dəfə CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə təqsirləndirilir. İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd «microSD» tipli yaddaş kartları aşkar edilib.

T.Bağırovun vəkili Fariz Namazlı həmin kartlarla bağlı rəy vermiş ekspertin məhkəmədə dindirilməsi və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə vəsatətlər qaldırıb.

Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib.

Məhkəmə baxışı aprelin 23-nə təyin olunub.

«Müsəlman Birliyi» Hərəkatının sədri, Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş T.Bağırovun cəzası Qaradağ Rayon Məhkəməsinin hökmü ilə artırılıb. T.Bağırov özünü bu ittihamla da təqsirli bilmir. Deyir ki, həmin yaddaş kartlarından məhkumların əksəriyyəti musiqi və s. dinləmək məqsədilə istifadə edir. İlahiyyatçının sözlərinə görə, ondan tapılan kartlarda da qanunsuz heç nə olmayıb. Kartların yaddaşında Quran ayələri, dini musiqilər, həmçinin siyasi informasiyalar – jurnalist Əfqan Muxtarlı, AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi haqda məlumatlar olub.

T.Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, altı nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha 16 nəfər saxlanılıb.

Nardaranda və ondan öncə ilahiyyatçı Elçin Qasımovun həbsinə görə Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Ağır maddələrlə təqsirləndirilənlərin işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. T.Bağırov və daha 17 nəfərin işinə birlikdə baxılıb. T.Bağırov, Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, digərlərinə isə 10 ildən 17 ilədək həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət digər iki qrupun üzvlərinə, o cümlədən ilahiyyatçılar Zülfüqar Mikayılov, Elçin Qasımov, Elman Ağayevə 13 ildən 16 ilədək həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az