[:az]“Şüşənin üstünə yıxıldım, sağ qolumun vətərləri doğrandı. Məni Sumqayıt Travmatologiya Xəstəxanasına çatdırdılar. Əməliyyat olundum, qol damarlarım bir-bir yığılıb tikildi. İşlədiyim şirkət mənə müalicə üçün 45 günlük məzuniyyət verdi. Sonradan xəbər tutdum ki, mən məzuniyyətdə olduğum dövrdə adımdan saxta ərizələr yazılıb, sənədlər hazırlanıb və iş ört-basdır edilib”.
Sumqayıt sakini olan Rəfail Rufullayev 3-ci qrup Qarabağ əlilidir. Meydan TV-yə danışır ki, Qarabağ müharibəsində “qazandığı” 29 qəlpədən 14-nü hələ də canında gəzdirir. Üstəlik, müharibə vaxtı sol qolu da fəaliyyətini itirib. İllərdir ki, işsiz olduğuna görə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edirmiş. Nəhayət, ilyarım əvvəl elə həmin qurumun göndərişi ilə o, Tağıyev qəsəbəsindəki Sumqayıt Polimer Zavodunda podratçı kimi fəaliyyət göstərən Türkiyənin “Ustay” şirkətinə güvənlik işinə düzəlib. 3 ay işləyəndən sonra 2016-cı il avqustun 15-də işdə şüşənin üzərinə yıxılması nəticəsində sağ qolundakı damarları kəsilib:
“Şirkətin koordinatorunun sürücüsü məni xəstəxanaya çatdırdı. Cərrah Arif Mirzəyev qolumda əməliyyat apardı. Sağ qolun vətərləri kəsilmişdi. Vətərləri tikdi, ancaq vəziyyətim olduqca ağır idi. Şirkət mənə 45 günlük məzuniyyət verdi. 15 avqustdan 12 oktyabradək qolumda 8 dəfə əməliyyat aparılıb. Həmin müddət ərzində məni xəstəxanaya koordinatorun sürücüsü aparıb-gətirirdi. Bir gün xəstəxanada olarkən məndən xəbərsiz cərraha saxta xəstəlik tarixçəsi yazdırıb. Sonra da adımdan Sumqayıt şəhəri, 3-cü polis bölməsinə şikayətçi olmadığım barədə ərizə yazıblar. Beləcə, saxta sənədlər düzəldib Polimer Zavodunun rəhbərliyinə təqdim ediblər”.
Şikayətçinin sözlərinə görə, bu saxtakarlıqda məqsəd onu istehsalat travmasına görə sığortadan kənarda qoymaq olub. Üstəlik, 45 günlük məzuniyyət bitən kimi o, işə çağırılıb. Halbuki, deməsinə görə, yaraları sağalmaq əvəzinə iltihablanaraq onun səhhətini daha da ağırlaşdırıbmış:
“Tələb etdilər ki, işə çıxım. Mən də onlara qolumdakı yaradan irin gəldiyini dedim. Dedilər, narahat olma, sən işə çıx, biz özümüz səni vaxtlı-vaxtında həkimə aparıb-gətirərik. Mən hər dəfə müraciət edəndə xəstəxanaya həmin həkimin yanına aparır, qolumun içində yığılmış çirki çəkdirir, yenə işə qaytarırdılar. Cərrah deyirdi ki, belə olmaz, mütləq əməliyyata ehtiyac var. Mən şirkət rəhbərliyindən qolumda növbəti əməliyyat aparılması üçün müraciət edəndə, üstümə qəsdən bir işçi saldılar. Səbəbiz yerə məni söydü, təhqir etdi, mən də əsəbi adamam, dözə bilmədim, dalaşdıq. Əllərinə bəhanə düşdü, məni işdən qovdular. Mənə boş kağıza imza etdirdilər. Dedilər, ya öz xoşunla çıx, ya da dalaşdığın üçün polisə verərik, işdən maddəylə qovarıq. Həmin gündən şirkətin girəcəyindəki divara şəklimi asdılar, ütünə də yazdılar ki, “içəri buraxılmasın””.
Rəfail Rufullayev deyir, o gün – bu gün, zavoda yaxın düşə bilmir. Əməliyyatının müddəti keçir, qoluna çirk yığıldıqca, vəziyyəti ağırlaşır. Nə sığortasını ala bilir, nə də işinə bərpa olunur. Rəhbərliyə yazdığı məktublara da cavab verilmir.
Türkiyənin Azərbaycanda fəaliyyət göstərən “Ustay” şirkətindən məsələyə münasibət öyrənmək mümkün olmasa da, Sumqayıt Polimer Zavodundan bildirilib ki, Rəfail Rufullayev onların yox, zavodla podratçı kimi müqavilə bağlamış həmin şirkətinin işçisi olub:
“Rəfail Rufullayev həmin şirkəti məhkəməyə verib, tərəflər arasındakı narazılığına məhkəmə aydınlıq gətirəcək”.
Rəfail Rufullayev Sumqayıt Şəhər Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində göstərib ki, baş vermiş istehsalat qəzası nəticəsində əmək qabiliyyətini tamamilə itirib. Buna görə ona ömürlük pensiya kəsilsin, şirkət tərəfindən sığorta haqqı ödənilsin. Belə bir vəziyyətdə şərlənərək işdən qovulmasına görə də maddi və mənəvi təzminat ödənilsin.
Onun sözlərinə görə, yanvarın 25-də başlayan məhkəmə iclasına şirkət tərəfindən nümayəndə göndərilməyib. Buna görə də məhkəmə iclası fevralın 18-nə təyin olunub.[:]