[:az]Yanvarın 31-də Bakı Apelyasiya Məhkəməsində Qiyas İbrahimov və atası Həsən İbrahimovun apelyasiya şikayətinə baxılmalı idi. Lakin proses təxirə salınıb.
Hakim Rizvan Səfərovun sədrlik etdiyi iclasda İbrahimovların vəkili Elçin Sadıqov iştirak etməyib. Bildirilib ki, o, ölkə xaricindədir. Buna görə iclas fevralın 6-na təxirə salınıb.
Ötən il dekabrın 18-də Yasamal Rayon Məhkəməsində Qiyas İbrahimov və atası Həsən İbrahimova hökm oxunub.
Hökmə əsasən, Həsən İbrahimov aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib. Qiyas İbrahimovun 10 illik cəzası daha 3 ay artırılıb.
Prokuror çıxışında onların hər birinin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İbrahimov və atası Həsən İbrahimov CM-nin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham olunur. Onlar iyunun 5-də Bakı Apelyasiya Məhkəməsində Qiyasın 10 il azadlıqdan məhrum edilməsi haqda hökmdən verilmiş şikayətə baxan hakimlər – Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramova hörmətsizlikdə, onları təhqir etməkdə təqsirləndirilir.
Lakin həmin hakimlərin heç biri məhkəmə prosesinə qatılmayıblar. Dekabrın 6-da keçirilən prosesdə onların məhkəməyə ünvanladığı teleqram oxunub. Onlar bildiriblər ki, üzrlü səbəbdən gələ bilmirlər, istintaqdakı ifadələrini təsdiqləyirlər.
Q.İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanıblar. Onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər. Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər, onlar keçmiş prezident, hazırkı dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs ediliblər.
“Amnesty International” təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə narkotik ittihamı saxtalaşdırılıb.
Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.
Bu il iyulun 13-də Q.İbrahimovun atası Həsən İbrahimov İstintaq İdarəsinə çağırılıb və ona cinayət işi açıldığı bildirilib. Cinayət işi Bakı Apelyasiya Məhkəməsində Q.İbrahimovun işinə baxmış hakim V.Məmmədovun şikayəti əsasında başlanıb. Məhkəmədə hakim Q.İbrahimovun sözünü kəsəndə, atası əsəbiləşərək, “Ənvər Seyidovun başına gələnlər sizin də başınıza gəlsin. Balalarınızdan görəsiz…” deyib. Bu, hakimə hörmətsizlik kimi qəbul edilib.
Meydan TV[:]