Həbsdə olan AXCP fəalı Niyaməddin Əhmədov yenidən karserə salınıb

tərəfindən Gozetci

Niyaməddin Əhmədov

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan fəalı Niyaməddin Əhmədovun yenidən cərimə təcridxanasına (karser) salındığı bildirilir.

Bu barədə fəalın atası Arif Əhmədova martın 4-də cəzaçəkmə müəssisəsindən bildirilib.

Arif Əhmədov Amerikanın Səsinə deyib ki, oğlu artıq 1 həftədir ki, əmrə tabe olmadığına görə karserə salınıb, amma hansı əmrə tabe olmadığı izah edilməyib.

Niyaməddin Əhmədovun karserə salınması ilə bağlı narahatlıq onun zəng etmə hüququndan istifadə etməməsindən sonra yaranıb. Atasının dediyinə görə, oğlu ilə sonuncu dəfə fevralın 23-ü əlaqə saxlaya bilib.

Niyaməddin Əhmədov AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olub. Kərimli bu barədə Facebook səhifəsində yazdığı statusda Əhmədovun əvvəllər də karserə salınmasını və aclıq aksiyaları keçirməsini xatırladıb.

“Niyaməddin bəy 7 saylı cəzaçəkmə müəssisəsində yenidən cərimə kamerasına salınıb. Niyaməddin bəy 5 ilə yaxındır ki, həbsdədir. İndiyə qədər dəfələrlə karsa salınıb. Fiziki zorakılığa məruz qalıb, hüquqları məhdudlaşdırılıb. Dəfələrlə çarəsizlikdən aclıq aksiyaları keçirdib. Niyaməddin bəy istintaq dövründə də ən ağır işgəncələrə məfuz qalıb. Ancaq bütün bunlar rejim başçılarının ürəyini soyutmayıb. Böyük bir dövlət aparatı səfərbər olunub ki, girov götürdükləri bir gəncdən qisas alsınlar. Qisas da nəyin qisası olsa yaxşıdır? Niyaməddin bəydən prinspial, cəsarətli olmasının qisasını alırlar. Rejim 2019-cu il 19 oktyabr mitinqində məni sonadək tək buraxmamasının, sonra da ən ağır işgəncələrə rəğmən mənə qarşı saxta üzəduranlıq etməməsinin qisasını alır Niyaməddin bəydən” – deyə, o qeyd edib.

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin rejimi qaydalarını pozma ittihamı ilə bir ay inzibati həbs cəzası alıb. Bu cəza müddəti başa çatdığı gün Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində cinayət işi açılıb.

İstintaqın sonunda ona daha iki maddə ilə – 28.281-ci (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq), 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib.

İddia olunur ki, Almaniyada siyasi mühacir kimi yaşayan və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına tənqidlər, bəzən də təhqirlər səsləndirən Qabil Məmmədov terror məqsədilə ona pul göndərib. 2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib.

AXCP ittihamların qondarma və siyasi motivli olduğunu bildirib. Qabil Məmmədov da ittihamı yalan adlandırıb. Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıb.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az