İmişli sakini sosial yardım ala bilməməsindən şikayətlənir

tərəfindən Gozetci

“Beş aydır ki, ünvanlı sosial yardım almaq üçün müraciət etmişəm. Ancaq hər dəfəsində imtina cavabı gəlir, müxtəlif səbəblər göstərilir”.

“Gözətçi” xəbər verir ki, bunu İmişli rayon Yalavac  kənd sakini Günel Nuriyeva göndərdiyi şikayətdə bildirib. G. Nuriyeva həyat yoldaşından rəsmi şəkildə ayrılıb, övladları ilə birlikdə yaşayır.

“Dörd azyaşlı uşaq himayəmdədir. Həyat yoldaşımdan ayrıldıqdan sonra aliment almıram, mənə verdiyi balaca daxmada uşaqlarımla yaşayıram. Böyük uşağın 13 yaşı var, kiçik uşaq isə 6 aylıqdır. Körpə olduğu üçün işləmək imkanım yoxdur”.

Şikayətçinin sözlərinə görə, əvvəllər ünvanlı sosial yardım alıblar. 2021-ci ilin dekabrından isə yardım kəsilib.

“Mənə deyirlər ki, himayəndə azyaşlı uşaqlar olduğu üçün sənə yardım düşür. Lakin evə baxış keçirən və təqdim etdiyim məlumatları araşdıran Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları hər dəfə bir səbəb göstərərək imtina qərarı çıxarırlar. Rəsmi gəlirim olmadığı halda, tələb edirlər ki, ayda azı 500 manat qazancım olmağını qeyd edim.

Mənə fəhlə işləyən və öz ailəsi olan qardaşlarım, qonşular, hətta tanımadığım xeyirxah insanlar yardım edir. Yaşadığım evə qaz xətt çəkilsə də, istehlak edəcəyim qazın pulunu verə bilməyəcəyimə görə mən bütün qışı kərmə yandırmışam”.

“Gözətçi” olaraq məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilib.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az