Jurnalistləri Müdafiə Komitəsi (CPJ) sentyabrın 9-da Azərbaycanda apellyasiya məhkəməsinin “AbzasMedia” işi üzrə hökmü qüvvədə saxlamasından narahatlığını bildirib.
“”AbzasMedia işi” üzrə yeddi jurnalistin apellyasiya şikayətinin rədd edilməsi bir daha göstərir ki, Azərbaycan hakimiyyəti dövlət rəsmilərinin yol verdiyi iddia olunan korrupsiya hallarını davamlı işıqlandıran bu media qurumunun fəaliyyətinə dözə bilmir”, – qurumun Avropa və Orta Asiya proqramlarının koordinatoru Gülnoza Səid bildirib.
“Azərbaycan bu jurnalistlərlə yanaşı, 2023-cü ilin sonundan bəri həbs olunmuş azı 21 media təmsilçisini azad etməlidir”, – bəyanatda vurğulanır.
Azərbaycan qanunvericiliyinə görə, vətəndaş cəmiyyəti qrupları xarici qrantlar əldə etmək üçün dövlət təsdiqi almalıdır. Hakimiyyət orqanları sözügedən media qurumlarını bu təsdiq olmadan qrant almaqda ittiham ediblər. Avropa İnsan Hüquqları Məhkəməsi isə oxşar işlər üzrə qərarlarında vurğulayıb ki, belə hallar, Azərbaycan qanunvericiliyinə görə, cinayət deyil, cərimə ilə cəzalandırılmalıdır. Müstəqil ekspertlərin fikrincə, hakimiyyət orqanları xarici qrant almaq istəyən müstəqil qurumları qəsdən qeydiyyatdan keçirmir, bu da onların həmin vəsaitləri qanuni yolla əldə etməsini mümkünsüz edir.
CPJ prezident İlham Əliyevin administrasiyasına şərh üçün elektron məktub göndərdiyini, amma cavab almadığını bildirir.
AzadlıqRadiosu