[:az]Ucar sakini: Normal mətbəxtdə yemək bişirmək necə olur, bilmirəm[:]

tərəfindən Gozetci

[:az]

Dilbər Həsənova

Həsənovlar ailəsi evin qəzalı olmasından, işsizlikdən, imkansızlıqdan gileylidir

54 yaşlı Dilbər Həsənovanın bu yaşınacan normal mətbəxi olmayıb. Deyir, o başqa məsələdir ki, bişirməyə heç normal ərzaq da tapmayıb. Ancaq hər qadın heç olmasa, 4 divarı olan bir yerdə bişirmək istər yeməyini:

“Ömrüm dona-dona kartof qızartmaq, makaron süzməklə keçib. Makarondu, kartofdu, zərər yoxdur. Heç olmasa, qapalı bir məkan olsun”.

Ucarın Məlikballı kəndinin sakini Dilbər Həsənovanın evi tam tikili deyil, yarımçıqdır. Az qala, 30 ildən artıqdır tikilən bu evi başa çatdıra bilməyiblər. İndi isə ev qəzalı vəziyyətə düşüb:

“Rayon yerində belədir. Bir ev tikmək 20-30 ilə başa gəlir. Çünki insanların əlinə çox pul keçmir ki, işini görüb qurtarsın. Az-az edirsən, ev tamamlanmamış, bir də ayılırsan ki, artıq qəzalı durumdadır. Başqa evə ehtiyac olur. Onu da 20 ilə bir evi tikib başa vura bilməyən biri necə alsın, ya necə tiksin? Vəziyyət budur, yəni”.

Həsənovlar ailəsi 5 nəfərdən ibarətdir. Ailədə kimsə işləmir. 2 nəfərin əlilliyi var.

“Bir ev tikmək 20-30 ilə başa gəlir”

Dilbər Həsənova deyir ki, onların pensiyası ilə, çətinliklə dolanırlar. Qalan heç yerdən 1 qəpik gəlirləri yoxdur:

“Dəfələrlə sosial yardım üçün müraciət etdik. Gah dedilər, bizə düşmür, gah, sənəd yığdırdılar, bir sözlə, qaldı. Mal-heyvan, əkin-biçin də alınmır. Torpaqlar şorandır, heyvan adına da bircə atımız var. Uşaqlar onunla qonşuların həyət-bacasını təmizləyir, zibil daşıyırlar, vəssəlam. Heyvan da saxlamaq olmur. Almaq üçün pul lazımdır. Bizdə də o qədər pul hardandır? Yayda həyətdə bostan bitkiləri əkib-becərir, birtəhər yola veririk. Ən ağır günlərimiz qışda olur. Yandırmağa odun da tapmırıq. Evimizi də görürsüz, uçub-tökülür”.

Kənddə qaz olsa da, onlar yandırmırlar. Çünki pulunu ödəyə bilmirlər. Odun peçindən istifadə edirlər:

“Evdə odun peçi yandırırıq. Ancaq ətrafını qızdırır. Hər yer dəlik-deşikdir çünki. İsti uçub gedir. Yağış yağanda su damır başımıza. Qar yağır, donuruq. İş olsa, işləyərik, o da yoxdur. Hərdən ot çalır, qonşuların həyətini, bağını təmizləyirik. Onda 2-3 manatımız olur. Qalan vaxtlar gəlir yox, qazanc yox. Qalırıq pis vəziyyətə”.

Dilbər Həsənovanın böyük oğlunun onurğasında problemi var. Kiçik oğlunun isə bronxları xəstədir. Deyir, heç birini müalicə etdirməyə imkanı çatmır:

“Dərdlərini bilirik, amma dərman ala bilmirik. Yoldaşım isə ürək xəstəsidir, şəkəri var. Pensiya alır. Ortancıl uşağın, qızımın da əqli problemi var. 2-ci qrup əlildir”.

Dilbər Həsənova deyir ki, onların pensiyası ilə, çətinliklə dolanırlar

Evin qəzalı olması ilə bağlı ailə 2 dəfə Ucar Rayon İcra Hakimiyyətinə müraciət edib. Müsbət cavab ala bilməyiblər:

“Deyirlər, büdcədə pul yoxdur. Ev lazımdırsa, özünüz tikin. Bəs yaxşı, biz nə ilə tikək? Bizi işlə təmin etmisinizmi? Baxın, kəndin bütün cavanları avaradır. İş oldu gedib işləmədilər? Ya iş olsa, işləyib pul qazansaq, özümüzə ev tikmərik? Televizorda bütün günü danışırlar. Deyirlər ki, rayonlarda iş yeri açılır, camaat işləyir və s. Hanı o iş yerləri? Biz iş tapa bilmirik. Dövlət insanlara birinci şərait yaratsın, sonra işləyib, özünü dolandırmağı tələb etsin. Əsəbimdən daha onların verdiyi yalançı xəbərlərə də baxmıram”.

Dilbər Həsənova deyir ki, kəndli ağzını açanda deyirlər, “təsərrüfatla məşğul olmaq lazımdır”. Ancaq kənddə nə suvarma üçün su, nə də kəndliyə güzəşt var:

“Normal su yox, güzəşt yox. Olan güzəştlərdən də ancaq məmur təsərrüfatları istifadə edə bilir. Bizə heç nə düşmür. Bu yazıq kəndli nə etsin? Hələ məşğulluq mərkəzinə gedib iş tapanını tanımıram. Elə televizorda deyirlər ki, müraciət edin, minlərlə iş yeri açılıb. Edirik, bir xeyri yoxdur:

“Yağış yağanda başımıza tökülür. Evin içi göllənir. Pəncərələrimiz də çürüyüb deyə, hər yerdən külək, hava girir. Bu qədər yaşım var, mən hələ normal mətbəxtdə yemək bişirmək necə olur, bilmirəm. İnanın, bilmirəm. Ata evimdə kasıblıq, ailə qurdum, yenə kasıblıq. Bir günümüz olmadı. Evin hər yeri uçub-tökülür. İş yox, təsərrüfat yox, sosial yardım düşmür. Sonra da deyirlər ki, gedin özünüz həll edin probleminizi. Mən oxumamışam, savadsızam, bilmirəm. Yəni insanların sosial durumunun yaxşılaşması üçün dövlət nəsə bir tədbir görməməlidir?”

“Kənddə qaz olsa da, onlar yandırmırlar”.

Həsənovlar ailəsi dövlətdən ayda 300 manat alır. O da əlilliyə görədir:

“Bununla 5 nəfər dolana bilmirik. Kiçik oğlum məktəblidir. Hər gün bir şey lazım olur, qarşılaya bilmirəm. İş də ki, həmişə olmur. 2-3 gündənbir həkimlərdəyik. Dərman almağa pulumuz yoxdur. Qaldı ev tikməyə, ona isə ümumiyyətlə gücümüz çatmır”.

Ucar Rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən Meydan TV-yə rayonda mövsümi işlərin olduğunu bildiriblər və bununla bağlı ailənin məşğulluq mərkəzinə müraciət etməsini məsləhət görüblər: “Evlə bağlı məsələyə gəlincə, axı dövlətin elə bir proqramı yoxdur ki, biz də pul ayırıb, insanlara ev tikək. Bu gün kəndlərdə hər 5 evdən 1-i qəzaldır, köhnədir. Biz hamıya ev tikə bilmərik”.

Ucar Məşğulluq İdarəsi ilə son 1 həftə ərzində əlaqə saxlamaq mümkün olmayıb.

“Hər gün bir şey lazım olur, qarşılaya bilmirəm”

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az