[:az]Gəncə məhbusu: “O, mən deyiləm…”[:]

tərəfindən Gozetci

[:az]Gəncə hadisələrinə görə həbs olunan və polis idarəsində işgəncələrə məruz qaldığını deyən 6 nəfərin şikayətilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət olunub. İyunun 24-də məhkəmədə hakim bu barədə məlumat verib.

İşgəncəyə məruz qaldığını deyən 6 nəfər Elvin Nəzərov, Elman Rüstəmov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xudiyevdir. Hakim bildirib ki, təqsirləndirilən şəxslərin işgəncə şikayətləri ilə əlaqədar üç dövlət orqanına sorğu göndərilib, amma hələlik, onların heç birindən cavab gəlməyib.

Vüqar Xudiyevin vəkili Zibeydə Sadıqova deyir ki, hüquqlarını müdafiə etdiyi şəxsi ötən il iyunun 10-da saxlayıblar. Öncə ona inzibati qaydada 15 sutkalıq həbs cəzası verilib. İyunun 14-də onu Gəncə hadisələrilə bağlı cinayət işinin istintaqına öncə şahid, 20-də isə təqsirləndirilən şəxs qismində cəlb ediblər:

“Mən iş materialları ilə tanış oldum. Ayın 14-nə qədər ona aid sənədlər, inzibati həbs haqqında məhkəmə qərarı iş materialları arasında yoxdur. Üzərindəki xəsarətlərlə bağlı ekspert rəyini də görmədim”.

“GƏNCƏYƏ PALTAR ALMAĞA GETMİŞDİM”

Məhkəmədə Gəncədə ötən il iyunun 10-da keçirilən aksiyanın videosundan bir neçə saniyəlik kadrlar nümayiş etdirilib. Təqsirləndirilən şəxslər bildirib ki, onların heç biri həmin kadrlarda yoxdur.

Elman Rüstəmov bildirib ki, aksiya günü polis əməkdaşlarını qətlə yetirdiyi iddia olunan Rəşad Böyükkişiyevlə birlikdə olması, onu öncədən tanıması barədə ittihamda yazılanlar həqiqətə uyğun deyil:

“Həmin gün mən aksiyada olmuşam. Amma Rəşadla yanaşı olmamışam. Onu əvvəldən tanımamışam”.

R.Böyükkişiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Aksiyada olduğu iddia olunan təqsirləndirilən şəxslərdən biri də Nemət Heydərovdur. Cinayət işinin materiallarında aksiyanın videosundan çıxarıldığı iddia olunan foto var. Həmin fotodakı şəxsin də N.Heydərov olduğu qeyd edilib. Amma foto Nemətə göstəriləndə o bildirib ki, şəkildəki adam başqasıdır:

“Həmin gün mənim əynimdəki paltarlar ekspertizaya təqdim olunub. Oradan da dəqiqləşdirmək olar ki, əynimdə tünd rəngli paltarlar vardı. Bu şəkildəkinin paltarı isə ağdır. İkincisi, mən həmin gün Tərtərdən Gəncəyə paltar almağa getmişdim. Aksiyadan bir saat əvvəl o ərazidə olmuşam. O vaxt da tutub aparıblar. Aksiya vaxtı çəkilən videoda mən ola bilməzdim axı…”

Məhkəmə iyulun 8-də davam edəcək.

Bu təqsirləndirilən şəxslərə martın 1-də hökm oxunub. Hakim Xaqani Səmədovun sədrliyilə çıxarılan hökmə əsasən, təqsirləndirilən şəxslərdən dördü Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaşların təşkili və ya iştirak) maddəsilə təqsirli bilinib, Renat Məmmədov 6 il, Elvin Allahverdiyev, Elvin Nəzərov və Vüqar Xuliyev isə 7 il azadlıqdan məhrum edilib. Daha iki nəfərə – Elman Rüstəmov və Nemət Heydərliyə Cinayət Məcəlləsinin 220-ci maddəsindən əlavə 315-ci (polisə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsilə də ittiham irəli sürülüb. Onlara isə 8 il həbs cəzası kəsilib.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az