[:az]Bərdədə 11 uşaqlı ailə elektriksiz evdə yaşayır[:]

tərəfindən Gozetci

[:az]Qaranlıq evdə və üstəlik, evi də hər an su basmaq təhlükəsi altında yaşamaq…

Bərdənin Qarağacı kəndində məskunlaşmış 11 uşaqlı Həsənovlar ailəsi belə vəziyyətdə yaşayır:

“Bir neçə nəfər hər iki-üç gündən bir evimin yanındakı arxın suyunu açıb səhərə qədər açıq qoyurlar. Deyirəm, axı bunu niyə belə edirsiniz, hər səhər uşağı məktəbə suyun içində yola salırıq. Mənə cavab verirlər ki, sənə kim deyib burada ev tik?”
Şəmil Həsənov bir neçə il əvvəl evini ümumi otlaq sahəsi kimi tanınan ərazidə tikib. Ondan başqa da burda məskunlaşan qaçqın və məcburi köçkünlər var. Ona görə də kənd arasında bura “”Qaçqınlar qəsəbəsi” deyilir.

O, yerli icra hakimiyyətinə şikayət edib ki, bu probleminə bir əlac tapılsın.

“İcra başçısı tapşırıb ki, traktorla evin yanı düzəldilsin, yeni arx çəkilsin ki, evi su basmasın. Onun yanında deyirlər ki, həll edəcəyik, ordan çıxandan sonra elə davranırlar ki, elə bil belə söhbət olmayıb”, Şəmil Həsənov deyir.

İndi ailə traktor gözləyir, amma hələ texnikadan səs-soraq yoxdur.

Bərdə Rayon İcra Hakimiyyətindən BBC News Azərbaycancaya deyiblər ki, “məsələ ilə maraqlanırlar”.
“Dedilər, bunun xərci 1500 manatdan çoxdur”

Amma ailənin problemi bununla bitmir. Yaşadıqları evdə həm də elektrik enerjisi yoxdur.

Şəmil Həsənovun sözlərinə görə, güc-bəla ilə bir ev qaraldıb, amma elektrik xətti çəkdirməyə maddi imkanı olmayıb.

Kömək üçün aidiyyətli qurumlara müraciət edib, amma “hər yerdə fərqli cavab eşidib”.

“İcra başçısı yerli işıq idarəsinin başçısına tapşırdı ki, bu ailənin işığını çəkin. O da sonra mənə dedi ki, 200 metrdən çox məsafə var, işıq çəkməyə icazəm yoxdur. Bunun xərci 1500 manatdan çox olur”.
Rəsmi qurumların cavabları…
Bərdə Rayon İcra Hakimiyyətindən BBC News Azərbaycancaya söyləyiblər ki, “Şəmil Həsənov evi örüş sahəsində tikib və ora işıq xəttini icra hakimiyyəti çəkə bilməz, gərək vətəndaş özü çəkdirə”.

Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, “vətəndaş elektrik xəttini özü çəkdirməlidir və bunun üçün qaçqın və məcburi köçkünlərə imtiyaz nəzərdə tutulmayıb”.

Bərdə elektrikşəbəkənin baş mühəndisi Sahib Abbasov BBC News Azərbaycancaya bildirib ki, vətəndaş ərazi üzrə ASAN xidmətə müraciət etdikdən sonra məsafəyə görə rüsum ödəməlidir.

“Transformatorla ev arasında məsafə 200 metrdirsə, işıq xətti pulsuz çəkilir, təkcə sayğac üçün təxminən 165 manat pul ödənilir. Məsafə 400 metrdən çox olanda isə qiymət məsafəyə görə dəyişir”.

BBC News Azərbaycanca müxbirləri bu ilin fevral ayında Bərdəyə səfəri zamanı Həsənovlar ailəsinin şikayətlərini dinləmiş, reportaj hazırlamışdı. Ailə sosial yardım və özünüməşğulluq proqramı çərçivəsində onlara vəd edilən heyvanları ala bilməməkdən şikayətçi idi.

Əslən Kəlbəcərdən olan Şəmil Həsənov bildirib ki, BBC News Azərbaycancanın onun şikayətini araşdırmasından sonra ailəyə 700 manat məbləğində ünvanlı sosial yardım verilməyə başlayıb.

BBC Azərbaycan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az