Cəmil Hacıyev
Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında “Siyasi məhbuslara azadlıq!” şüarı qaldıran Milli Şuranın fəalı Cəmil Hacıyev polislər tərəfindən saxlanılıb. O, 4 saat saxlanıldıqdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.
O Turan-a deyib ki, saxlanıldıqdan sonra Nəsimi Rayon Polis İdarəsinə aparılıb.
“Polis idarəsində əllərimi qandalladılar və mənə qarşı fiziki və mənəvi təzyiq göstərdilər. Polis idarəsinin binasının birinci mərtəbəsində məni döyməyə başladılar, hər yerimə vururdular. Sonra ikinci mərtəbəyə qaldırdılar. İkinci mərtəbədə də məni döydülər. Daha sonra polis idarəsinin rəisinin otağına apardılar. Orada mənə hədə-qorxu gəldilər və nəhayət şifahi xəbərdarlıq edərək sərbəst buraxdılar”, deyə o qeyd edib.
Fəal artıq tibbi müayinədən keçib və həkim əzələlərində əziklər olduğunu qeyd edib.
Hacıyev deyib ki, tibbi arayışı aldıqdan sonra azadlıq hüquqlarının pozulması və işgəncə tətbiq edilməsi ilə əlaqədar araşdırma aparılması üçün DİN-ə, prokurorluğa və ombudsmana müraciət edəcək.
DİN-dən şərh almaq mümkün olmayıb.
Cəmil Həsənli yanvarın 10-da saat 17.00 radələrində Ağır Cinayətlər Məhkəməsində Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun növbəti məhkəmə prosesi zamanı məhkəmə binasının qarşısında “Siyasi məhbuslara azadlıq!” şüarı qaldırdığı zaman saxlanılıb.
* * *
Milli Şuranın üzvü Cəmil Hacıyev üzərində “Siyasi məhbuslara azadlıq!” yazılmış plakat qaldırarkən polislər onu saxlayıb. Bu, yanvarın 10-da saat 17:00 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında baş verib. Həmin vaxt bu məhkəmədə Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işinə baxılırdı.
C.Hacıyev plakatı qaldıran kimi məhkəmə binasının qarşısında olan polislər onu tutub maşına mindirib. Onun hara aparıldığı məlum deyil.