Qalib Toğrul: Qubad İbadoğlunun səhhətində yeni pisləşmələr var

tərəfindən Gozetci

Qubad İbadoğlu ev dustaqlığına buraxıldıqdan sonra (22 aprel 2024-cü il)

İqtisad elmləri doktoru Qubad İbadoğlunun səhhətində yeni pisləşmələr qeydə alınıb. Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

“Həbsxanadan ev dustaqlığına buraxıldıqdan sonra mütəmadi həkim nəzarəti altında olsa da, xüsusilə ürəyindəki ciddi problemin proqresinin (inkişafının) qarşısının alınması məqsədilə qəbul etdiyi dərmanlar digər orqanlarda neqativ dəyişikliklərə səbəb olub. Son qan analizinin nəticələrinə görə, qanda hemoqlabinin, eritrositlərin, dəmirin və əlaqəli göstəricilərin səviyyəsi normadan xeyli aşağı düşüb. Artıq yeni müalicə kursuna başlamışıq”, o qeyd edib.

Qalib Toğrul deyir ki, müalicənin səmərə verəcəyinə əmin deyil.

“Əvvəllər də dəfələrlə yazdığım kimi qardaşımın əsas problemi ürəyindədir və təcili cərrahi müdaxilə tələb edir. Lakin ölkədən çıxışına əsassız qadağa qoyulduğundan cərrahi müdaxiləni təxirə salmağa məcburuq”, Qalib Toğrul əlavə edib.

Qalib Toğrul Qubad İbadoğluna qarşı açılmış cinayət işi ilə bağlı aparılan istintaq müddətinə də toxunub.

“Avqustun 20-də istintaq müddəti bitib. İstintaq orqanın bu barədə hər hansı qərar qəbul edilməsi barədə bizə məlumat verilməyib. Dəfələrlə vəkillər müraciət etsə də, məlumat ala bilmirik”, o deyib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də həbs edilib.

Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az