Məhkəmə Afiəddin Məmmədovun həbs müddətini daha iki ay uzadıb

tərəfindən Gozetci

Afiəddin Məmmədov

Bu gün Xətai Rayon Məhkəməsi müstəqil “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Afiəddin Məmmədovun həbs müddətini daha iki ay uzadıb.

Bu barədə “Turan”a vəkil Zibeydə Sadıqova məlumat verib.

Xatırladaq ki, Məmmədov sentyabrın 20-də evinin yaxınlığında naməlum şəxsin hücumuna məruz qalandan sonra saxlanılıb.

Ancaq Məmmədovun özünü həmin şəxsi bıçaqlamaqda ittiham ediblər.

Sentyabrın 21-də axşam saatlarında Xətai Rayon Məhkəməsi Məmmədovun barəsində həbs qətimkan tədbiri seçib.

Afiəddin Məmmədova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyanı tətbiq etməklə xuliqanlıq) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham irəli sürülüb, bu maddələrlə onu 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Vəkil qeyd edib ki, son iki ayda ilkin prosessual hərəkətlər istisna olmaqla, Məmmədovun özünün iştirakı ilə heç bir istintaq hərəkəti aparılmayıb.

Müstəntiq həbs müddətinin uzadılmasını zərərçəkmişlə “üzləşdirmə” aparmaq və ekspertizanın nəticələrini almaq zərurəti ilə əsaslandırıb.

Müdafiə tərəfi Məmmədovun cinayət təqibini və müvafiq olaraq istintaqın uzadılmasını əsassız hesab edir.

Vəkil Sadıqova qeyd edib ki, əslində Afiyəddin xəsarət alıb.

“İstintaq təcridxanasının həkimi ona burun çəpərinin sınığı diaqnozu qoyub və əməliyyata ehtiyac olduğunu qeyd edib. Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinin tibb idarəsinə, istintaq təcridxanasının rəhbərliyinə, ombudsmana müraciət etsəm də, heç bir tədbir görülməyib”, vəkil qeyd edib.

Vəkil bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

O, Məmmədovun telefon zəngi hüququnun məhdudlaşdırıldığını da qeyd edib.

Ona yalnız öz ailəsinə zəng etməyə icazə verirlər, o isə vəkilinə və onun üçün qanuni maraqlarını müdafiə edən digər şəxslərə də zəng etmək hüququna malikdir.

Müdafiə tərəfi Məmmədovun həbs müddətinin uzadılması ilə bağlı məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az