ADR Partiyasının üzvü Allahverdi Babayev tənqidi çıxışından sonra həbs edilib

tərəfindən Gozetci

Qubad İbadoğlu və Allahverdi Babayev. Foto: Facebook

Sentyabrın 16-da Bakının Xəzər rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Xəzər rayon təşkilatının sədri Allahverdi Babayevi 30 sutka inzibati həbsə məhkum edib.

Bu barədə ADR Partiyası məlumat yayıb.

Məlumata görə, Allahverdi Babayev İnzibati Xətalar Məcəlləsinin 535-cm maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilinib.

“Allahverdi bəy dünən Qubad bəyin apellyasiya məhkəməsi zamanı bir müsahibədə sərt mövqe bildirdikdən sonra həbs edilib. O, siyasi məhbusdur!” ADR Partiyası bildirib.

Hüquq müdafiəçisi Rüfət Səfərov Allahverdi Babayevin həbsini “növbəti absurd” kimi dəyərləndirib.

“Ölkə məhkəməsi adına daha bir ədalətsiz qərara şahid olduq. Əslində ədalətin dəfn edildiyi ölkədə başqa gozləntimiz də yox idi”, o Facebook səhifəsində yazıb.

Rəsmi qurumlar ADR Partiyasının fəalının həbsinə hələ münasibət bildirməyib. Bununla yanaşı, Daxili İşlər Nazirliynin Mətbuat xidməti siyasi səbəblərlə həbslər barədə bəyanatları qəbul etmir və bu münasibəti özünümüdafiə kimi əsaslandırır.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az