Müsavatçı kreditə görə həbs edilib

tərəfindən Gozetci

 

Müxalifətdə olan Müsavat Partiyası Ağsu rayon təşkilatının üzvü Zabit Bədəlovun iyunun 1-də inzibati qaydada həbs olunduğu bildirilir.

Bu barədə onun yaxınları məlumat verib. Onların sözlərinə görə, Z.Bədəlov Ağsu rayon Məhkəməsinin qərarı ilə 8 sutka inzibati qaydada həbs edilib:

“Bəhanə isə bu olub ki, Zabit məhkəmə qərarını icra etmir. Zabit 2014-cü ildə Müdafiə Nazirliyində işləyən zaman kreditə 5 min manat pul götürüb”.

Yaxınlarının vurğulamasına görə, həmin kreditin 2 mini ödənilib, 3 mini isə o, işdən çıxdığına görə ödənilməyib:

“2017-ci ildə məsələ ilə bağlı məhkəmə qərarı çıxıb. Zabit isə onlara işsiz olduğuna görə ödəyə bilmədiyini demişdi. Bundan sonra isə onu itirib axtaran olmamışdı”.

Yaxınlarının sözlərinə görə, dünən, iyunun 1-də isə heç bir xəbərdarlıq göndərmədən onu məhkəməyə çağırıblar:

“Elə orda da həbs ediblər”.

Fəalın yaxınları iddia edir ki, onun həbs səbəbi başqadır:

“Mayın 31-də Zabiti Ağsu rayon Polis Şöbəsinə çağırıblar və siyasi fəaliyyətini dayandırmağı tələb ediblər. Deyiblər ki, onun sosial şəbəkələrdə yazdıqları rayonun rəhbərliyinə xələl gətirir. Deyiblər ki, əks-halda kredit borcu adı ilə həbs edəcəklər”.

Yaxınları qeyd edib ki, 2020-ci ildə Z.Bədəlov Müdafiə Nazirliyinə qarşı kompensasiya ilə bağlı məhkəmə iddiasını udub, amma kompensasiya hələ də ödənilməyib:

“Məhz ona görə də o, kredit borcunu ödəyə bilməmişdi”.

Bütün bu deyilənlərlə bağlı, hələlik, məhkəmə, Daxili İşlər, Müdafiə Nazirlikləri və Ağsu rayon İcra Hakimiyyəti ilə danışmaq mümkün olmayıb. Amma buna qədər rəsmi qurumlar, bir qayda olaraq, oxşar şikayətlərlə bağlı deyiblər ki, Azərbaycanda insanlara dinc, sivil siyasi fəaliyyətlərinə görə heç bir basqı yoxdur.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az