NİDA-çılara təzminat ödəniləcək
Məmməd Əzizov və Şahin Novruzlu Azərbaycana qarşı işində AİHM iddia olunan pozuntuları tanıyıb. Məhkəmə hesab edib ki, onlara münasibətdə Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 18-ci maddəsinin pozuntusuna yol verilib. Azərbaycan hökuməti ərizəçilərə ümumilikdə 43 min 500 avro təzminat ödəməlidir.
Məmməd Əzizov – 20 min avro mənəvi zərər əvəzi, 1500 avro xərc və məsrəflərə görə;
Şahin Novruzlu – 20 min avro mənəvi zərər əvəzi, 2000 avro xərc və məsrəflərə görə;
Əzizov və Novruzlu Azərbaycana qarşı işi məhkəməyə qədər həbsin və həmin həbs müddətinin uzadılmasının qanunsuz olması iddiaları ilə bağlıydı. Ərizəçilər bu işdə Konvensiyanın 5-ci və 18-ci maddəsi ilə qorunan hüquqlarına müdaxilə olunduğunu iddia edirlər. Əzizov və Novruzlunu 2013-cü ildə MTN həbs etmişdi. 2014-cü ilin mayında Məmməd Əzizovun 7,5 il, Şahin Novruzlunun isə 6 il azadlıqdan məhrum edilməsinə hökm verilmişdi. Həmin hökmdən də AİHM-ə şikayət edilib, hazırda araşdırılır.
Fatma Qəniyeva və başqa 17 nəfərin işi
Bu işdə iddia olunan pozuntuların əksəriyyəti tanınıb. AİHM ərizəçilərin mülkiyyət hüququna müdaxilənin baş verdiyi qənaətinə gəlib. Qərara görə, hökumət ərizəçilərin hər birinə 13 min avro təzminat (maddi zərərə görə – 10 min, mənəvi zərər əvəzi 3 min avro) ödəməlidir.
2009-cu ildə göndərilmiş bu iş mülkiyyət hüququ ilə əlaqəli idi. Ərizəçilərin iddialarına görə, onların Sabunçu rayonundakı bağ sahələri əllərindən alınmış, mülkiyyətlərindən istifadələrinə imkan verilməmiş, zəbt edilmiş və onlarla bağlanmış torpaq icarə müqavilələri məhkəmə qaydasında ləğv olunmuşdu.
İlqar Feyzovun işi
Bu işdə də iddia olunan pozuntu (azadlıq və toxunulmazlıq hüququ) tanınıb. Qərara görə, hökumət ərizəçiyə 5350 avro (mənəvi zərərə əvəzi 4500 avro, xərc və məsrəflərə görə – 850 avro) təzminat ödəməlidir.
İlqar Feyzov Azərbaycana qarşı işi hüquqi əsaslar olmadan tutulma, həbslə bağlı idi. Ərizəçi iddia edirdi ki, onun azadlıqdan məhrum edilməsi üçün qanuni əsaslar olmayıb, məhkəmə qərarı olmadan günlərlə həbsdə saxlanılıb. Ərizəçi azadlıq və toxunulmazlıq hüququna müdaxilə edildiyini mübahisələndirmişdi.
aihmaz.org