Həbsdəki jurnalist öz məhkəməsində iştirakdan imtina edir

tərəfindən Gozetci

Fərid İsmayılov

 

Həbsdə olan jurnalistlərdən Fərid İsmayılov öz məhkəməsinə qatılmaq istəmir. Sağlamlığında ciddi problemlər olduğunu, altı dəfə cərrahiyyə əməliyyatı keçirdiyini deyən jurnalistin sözlərinə görə, 40 dərəcəni aşan istidə hər dəfə məhkəməyə gətirilib-aparılması durumunu daha da ağırlaşdırır.

Fərid İsmayılov “ToplumTV” internet televiziyası ilə bağlı cinayət işi üzrə təqsirləndirilən doqquz nəfərdən biridir. O, özünün ifadə verəcəyi məhkəmə iclasından başqa, qalan iclasların onun iştirakı olmadan keçirilməsi barədə vəsatət qaldırıb. Saxlandığı Bakı İstintaq Təcridxanasından onlayn qaydada prosesə qatılmasına şərait yaradılmasını da mümkün variant sayıb.

Jurnalist məhkəmədən ədalətli hökm gözləntisinin olmadığını, bu üzdən, prosesə qatılmağı vacib saymadığını da vurğulayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində “ToplumTV işi” üzrə məhkəmə prosesinə sədrlik edən hakim Azər Tağıyev deyib ki, təqsirləndirilən şəxsin məhkəmə prosesində iştirakı məcburidir. O, Fərid İsmayılovun sağlamlığındakı problemləri nəzərə alaraq, onun daha yaxşı şəraitli nəqliyyat vasitəsiylə məhkəməyə aparılıb-gətirilməsindən ötrü Penitensiar Xidmətə müraciət olunacağını söyləyib.

Jurnalistin yaxınları AzadlıqRadiosuna bildiriblər ki, Fərid İsmayılov yeddi aydır həbsdə iynə-dərmanla yaşayır:

“Fəridin bədənində əməliyyat yerlərinin çapıqlarından yer yoxdur. Hər gün ona iynə, sistemlər vurulur. Adamın nə qədər xəstəliyi olar?! Deyib-gülməyinə, nikbinliyinə baxmayın, vəziyyəti yaxşı deyil”.

“ToplumTV işi” üzrə məhkəmə prosesi iyulun 22-də davam edəcək.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az