Əhməd Məmmədli
Mayın 6-da siyasi fəal Əhməd Məmmədli saxlanılıb.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyi (DİN) yayıb. Bildirilib ki, Əhməd Məmmədli Biləcəridə bıçaqlanma ilə nəticələnən mübahisəyə görə saxlanılıb.
DİN-in məlumatında qeyd edilib ki, mayın 6-sı axşam saatlarında Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində Vüqar Dünyamalıyevə qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib.
“Hadisəni törədən şəxsin Cəlilabad rayonunda anadan olmuş Əhməd Məmmədli olduğu müəyyən edilib və o, saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başladılaraq istintaq aparılır”, – DİN-in məlumatında deyilib.
İctimai fəalın yaxınları isə bildirib ki, Əhməd Məmmədli evinə gedən zaman hücuma məruz qalıb.
“İndi onun kiməsə ağır xəsarət yetirdiyi iddia olunur. Əhməd Məmmədli deyir ki, bu qurama işdir və onun özünü döyüblər. Vəziyyəti ağırdır”, – fəalın yaxınları qeyd edib.
AbzasMedia