Fazil Qasımova 10 il həbs cəzası istənildi

tərəfindən Gozetci

Fazil Qasımov

 

İstanbul Universitetinin doktorantı, ilyarımdır Azərbaycanda həbsdə olan Fazil Qasımova prokuror 10 il cəza verilməsini istəyib. Fevralın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı bu təkliflə çıxış edib.

Prokuror iddia edib ki, Fazil Qasımova Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsiylə verilən ittiham məhkəmədə sübut olunub.

Cinayət işinin materiallarında iddia olunur ki, o, 2023-cü ilin iyununda İstanbulda iqtisadçı Qubad İbadoğlu ilə görüşüb, ona da saxta yüzlük dollarlar verib. Q.İbadoğlu da həmin saxta əskinasları Bakıya gətirib, bir hissəsini Anar Əliyev adlı şəxsə verib.

Anar Əliyev də Fazil Qasımovla birlikdə mühakimə olunur. Ona saxta puldan əlavə, həm də qanunsuz silah saxlama ittihamı verilib. Prokuror bu iki ittihamla ona 5 il həbs cəzası verilməsini təklif edib. Dövlət ittihamçısı iddia edib ki, Anar Əliyevin istintaqla əməkdaşlığı, cinayətin üstünün açılmasında iştirakı nəzərə alınaraq ona yüngül cəza istəyir.

Anar Əliyev istintaqda və məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib. O iddia edib ki, saxta pulları ona Qubad İbadoğlu verib.

İqtisadçı isə bu ifadənin yalan olduğunu, Anar Əliyevin sifarişlə ona böhtan atdığını bildirib.

“Fazil Qasımovu ifadə verməyə də qoymursunuz”

Fevralın 27-də məhkəmədə prokurorun çıxışından əvvəl Fazil Qasımovun vəkili Fuad Ağayev hakimlər heyətinə etiraz edib. Vəkil bildirib ki, bu prosesdə obyektiv araşdırmadan söhbət gedə bilməz. Müdafiəçi vurğulayıb ki, cinayət işində F.Qasımova saxta pul ittihamı verilib, lakin bununla bağlı heç bir sübut yoxdur.

“İttiham verilib ki, Fazil Qasımov Qubad İbadoğluya saxta əskinaslar verib. Bunu Fazil Qasımov da təkzib edib, Qubad İbadoğlu da. Başqa sübut da yoxdur. Qubad İbadoğlunu nə məhkəməyə çağırdınız, nə istintaqdakı ifadəsini elan etdiniz. Fazil Qasımovu ifadə verməyə də qoymursunuz. Belə məhkəmə olar?!”, – vəkil Fuad Ağayev bildirib.

Müdafiəçi əlavə edib ki, onun məhkəməyə verdiyi etiraza Bakı Apellyasiya Məhkəməsində baxılıb qərar verilməlidir. Lakin vəkilin etirazı baxılmamış saxlanılıb.

Məhkəmə prosesi martın 7-də vəkilin müdafiə çıxışı və təqsirləndirilən şəxslərin son sözüylə davam edəcək.

Fazil Qasımov məhkəmədə bildirib ki, 2023-cü ilin avqustunda İstanbulda saxlanılıb Bakıya gətiriləndən sonra bir aya yaxın müddətdə onu Qubad İbadoğlu ilə birlikdə yaratdıqları Azərbaycan Gənclərinin Təhsil Fondu barədə sorğu-sual ediblər.

2023-cü ilin yayında Qubad İbadoğlu Londonda bir sıra azərbaycanlı siyasətçi və fəalla birlikdə Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradıldığını elan edib. O, Azərbaycan məmurlarının xarici ölkələrdəki qanunsuz yolla əldə etdiyi vəsaitlərin bu fonda köçürülməsi və gənclərin təhsilinə sərf olunması üçün çalışacaqlarını bəyan edib.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az