Cəmil Hacıyev
Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev polis tərəfindən ona qarşı təzyiqin davam etdiyini bildirib.
Yanvarın 10-daMilli Şuranın və Müsvat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə məhkəmə prosesi zamanı o, Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında “Siyasi məhbuslara azadlıq” plakatı qaldırdıqdan sonra Nəsimi Rayon Polis İdarəsinə aparılıb, orada döyüldüyünü bildirib.
“Mənə bunu ictimailəşdirməməyim barədə xəbərdarlıq ediblər, yeni xoşagəlməzliklərlə hədələyiblər. Amma mən jurnalistlərə hər şeyi olduğu kimi danışdım”, Hacıyev qeyd edib.
O bildirib ki, sərbəst buraxıldıqdan sonra bazar günü, yanvarın 12-də onun mobil telefonuna zəng gəlib, Nəsimi Rayon Polis İdarəsinə gəlməsi tələb olunub.
“Cavab verdim ki, rəsmi çağırış olmadan polisə getməyəcəyəm”, Hacıyev bildirib.
Fəal həmçinin deyib ki, polisdə döyülməsi ilə əlaqədar Daxili İşlər Nazirliyinə və prokurorluğa şikayət yazıb.
Öz növbəsində Daxili İşlər Nazirliyi Amerikanın Səsinin Cəmil Hacıyevin dedikləri ilə bağlı sorğusuna hələ cavab verməyib.
Amerikanın Səsi